Rusiyanın vasitəçiliyi ilə
10 erməni hərbçi qarşılığında mina xəritələri alındı
Azərbaycan Respublikası 4 dekabr 2021-ci il tarixdə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib. Ermənistan isə minalanmış ərazilərin xəritəsini təqdim edib.
SəhərAzəri-nin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə istinadla verdiyi məlumata görə, təhvil verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətində həyata keçirdikləri hücum zamanı saxlanılıblar.
Azərbaycan Respublikası bir müddət öncə 26 noyabr 2021-ci il tarixində də erməni əsilli bir mülki şəxsi və bir hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil vermişdi.
Eyni zamanda aparılmış danışıqlar nəticəsində Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim edib.
“Mina xəritələrinin əldə olunmasında göstərdiyi vasitəçilik missiyasına görə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk”, - deyə məlumatda bildirilir
10 noyabr razılaşmasından ötən son 1 il ərzində Azərbaycan Respublikası azad etdiyi torpaqların minalardan təmizlənilməsinin uzun illər çəkəcəyini bildirərək daima Ermənistan tərəfini minaların xəritələrini təhvil verməyə çağırsa da heç bir cavab almamışdi.
Sadəcə 10 noyabr bəyanatından sonra Azərbaycan Respublikası tərəfindən diversant adlandırılaraq saxlanılan ermənilərin qaytarılması qarşılığında minalanmış ərazilərin bir hissəsinin xəritəsi təhvil verilmişdi ki, sonralar həmin xəritələrin yetərsiz olduğu bildirildi.