Dek 28, 2021 13:03 Asia/Baku
  • Azərbaycan və Ermənistan liderləri görüşəcəklərmi?

Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının görüşündə iştirak etmək üçün Sankt-Peterburq şəhərinə səfərə gəlib.

SəhərAzəri-nin məlumatına əsasən, bu gün Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi görüşü baş tutacaq. Sammitdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan dövlət başçıları iştirak edəcək. Ekspertlərin fikrincə, danışıqların gündəmindəki ən mühüm mövzular təhlükəsizlik və hərbi əməkdaşlıq, miqrasiya və iqtisadi tərəfdaşlıq ola bilər. Bundan əlavə, analitiklər görüşün əsas məqsədinin qarşıdan gələn ilin yekunlarını çıxarmaq və MDB-nin gələcək inkişafı yollarını müəyyən etməkdir.

Bu arada Müstəqil Dövlətlər Birliyi (MDB) dövlət başçılarının qeyri-rəsmi sammitində Azərbaycan və Ermənistan rəhbərlərinin də görüşə biləcəyi barədə məlumat yayılıb.

Qeyd edək ki, sammit ərəfəsində Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə danışmaq niyyətində olduğunu bəyan edib.

Nikol Paşinyan dekabrın 24-də verdiyi müsahibədə deyib: "Hələlik ikitərəfli görüşdən söhbət getmir, lakin qeyri-rəsmi görüşün baş tutacağı ehtimalı var".

Son aylarda Əliyevlə Paşinyan bir neçə dəfə danışıqlar aparıb. Onlar dekabrın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə görüşüblər.

Bu görüşün nəticəsi olaraq, İrəvan və Bakı dəmir yolunun işinin bərpası ilə bağlı razılaşmanı təsdiqləyiblər. Ertəsi gün Fransa Prezidenti Emmanuel Makronun vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderlərinin növbəti görüşü baş tutub.

Ondan əvvəl noyabrın 26-da Putin, Əliyev və Paşinyan arasında baş tutmuş Soçi görüşündə üç ölkə rəhbəri Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsini artırmaq üçün addımlar atmaq barədə razılığa gəliblər.

Teqlər