Media qanununu III oxunuşda qəbul edildi
Bəzi media mənsubları yeni qərarı “mürtəce qanun” adlandırırlar
Azərbaycan Respublikasının Milli Məclisi “Media haqqında” qanunu üçüncü oxunuşda müzakirəyə çıxararaq onu təsdiqləyib.
SəhərAzəri-nin məlumatına əsasən, qanun layihəsi digər məsələlərlə yanaşı, jurnalistlərin reyestrinin və vahid mətbuat kartının yaradılmasını nəzərdə tutur. Yalnız bu kartı olanlar və KİV-ləri hakimiyyət tərəfindən qeydiyyatdan keçənlər jurnalist statusundan istifadə edə biləcəklər. Digərləri onların fəaliyyətinin, əsasən də onlara məhəl qoymayan rəsmi mənbələrlə iş zamanı fəaliyyətlərinin məhdudlaşdırılması ilə üzləşə bilərlər.
Yeni qanun həmçinin xaricdə yerləşən KİV-in işini daha da çətinləşdirəcək. Azərbaycanda qeydiyyatı olmadan həmin KİV-lərin müxbirlərinin fəaliyyəti qanunsuz olur.
Bundan əlavə, jurnalistlər faktları və hadisələri "obyektiv" şərh etməli, qeyri-rəsmi mənbənin informasiyasından istifadə etməməlidirlər.
Tənqidçi jurnalistlər deyirlər ki, bunlar, Azərbaycan Konstitusiyasının informasiya azadlığı haqqında 50-ci maddəsini və Avropa İnsan Hüquqları Konvensiyasının ifadə azadlığı haqqında 10-cu maddəsini pozur. Beləliklıə də dövlət jurnalistlərin peşə fəaliyyətinə müdaxilə edərək öz səlahiyyətlərindən kənara çıxır.
Xatırladaq ki, dekabrın 28-də 30-dan çox müstəqil və müxalifətyönlü jurnalist Bakıda parlamentin binası qarşısında qanun layihəsinə etiraz edib.
Bununla belə parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc etirazları yersiz hesab edib. “Qanun kimisə həbs etməyi və ya cəzalandırmağı nəzərdə tutmur, ifadə azadlığına qarşı deyil. Azərbaycan dövləti mətbuatın güclənməsində maraqlıdır”-, deyə deputat bugünkü çıxışında vurğulayıb.