Yan 12, 2022 11:22 Asia/Baku
  •  Ötən gecə Azərbaycan-Ermənistan sərhədində gərginlik davam edib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi sərhədin Basarkeçər-Kəlbəcər istiqamətində dünən itki ilə nəticələnən toqquşmaların ötən gecə də davam etdiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən,Müdafiə Nazirliyinin məlumatında deyilir: Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək Basarkeçər və Şəmşəddin rayonlarındakı mövqelərindən Kəlbəcər və Tovuz rayonlarındakı Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Məlumatda bildirilir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qarşı tərəfə adekvat və mütənasib cavab verilib.Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və hərbi texnika baxımdan itki olmayıb.
Məlumatda gərgin vəziyyətin davam etməsi ilə əlaqədar Azərbaycan Ordusunun bölmələrinin gücləndirilmiş rejimdə fəaliyyət göstərdiyi bildirilir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dünən yaydığı məlumatda isə həmin ərazidə Ermənistan ordusunun törətdiyi təxribat nəticəsində bir azərbaycanlı əsgərin şəhid olduğu bildirilmişdi.

Ermənistan Müdafiə Nazirliyi isə həmin toqquşmalarda Azərbaycan Respublikasının Pilotsuz Uçan Aparat və artileriyadan istifadə etdiyini və bunun nəticəsində 3 erməni hərbçinin öldüyü 5 hərbçinin isə yaralandığını bildirmişdir. Azərbaycan PUA-dan istifadə iddiasını rədd edib.

Dünən Basarkeçər-Kəlbəcər istiqamətində baş verən toqquşmaların Rusiyalı sülhməramlıların yeni komandanının təyin edildiyi günə təsadüf etdiyindən bəzi ekspertlər bunu Ermənistanın xarici hərbi müdaxiləyə zəmin yaratmaq üzrə keçmişdəki cəhdlərinin davamı hesab edirlər. Belə ki, iddialara görə Ermənistan Qazaxıstandakı mövcud durumu və yeni rus komandanın təyinatını fürsət bilərək, son aylarda Kəlbəcərdə vəziyyətin gərginliyi və buraya xarici hərbi müdaxilənin “vacibliyini” göstərmək üçün yeni bir bəhanə axtarırlar.

Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar bu gün öz  "Twitter" səhifəsində Avropa İttifaqının (Aİ) Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdən narahat olduğunu bildirib.

Polşanın ATƏT-dəki daimi nümayəndəliyinin ikinci katibi Bartoş Kempinski isə bu gün verdiyi açıqlamada ATƏT-in cənubi Qafqazdakı vəziyyəti diqqətlə izlədiyini vurğulayıb və deyib: ATƏT Bakı və İrəvanı güc tətbiq etməkdən çəkinməyə və dialoqa başlamağa çağırır.

 

Teqlər