Rusiya sərhədlərin tezliklə dəqiqləşdirilməsini vacib hesab edir
Rusiya XİN-in saytında xarici işlər naziri Sergey Lavrovun ötən ilin yekunlarına dair illik mətbuat konfransında KİV-lərin göndərdiyi suallara yazılı cavablarda Azərbaycan Respublikası ilə Ermənistan arasında sərhədlərin tezliklə dəqiqləşdirilməsinə təkid edilib.
SəhərAzəri-nin məlumatına əsasən,Sergey Lavrov bildirib: Rusiya Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020, 11 yanvar 2021 və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmalarının tam həyata keçirilməsi zərurətinə əsaslanır. Bu gün prioritet vəzifələr Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin başlaması, habelə regionda nəqliyyat əlaqələrinin və iqtisadi əlaqələrin açılmasıdır.
"Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi prosesinə qoşulmaq istəyən hər kəsin tərəflərin maraqlarına əsaslanmasının və Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli razılaşmalarını nəzərə almasının tərəfdarıyıq", deyə o bildirib.
Ermənistan-Azərbaycan sərhədində gərginlik haqqında suala cavabda Lavrov qeyd edib ki, Moskva Azərbaycan-Ermənistan sərhədində vəziyyətin nizamlanması üzrə səy göstərir.
"Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və daha sonra demarkasiyası üzrə ikitərəfli Komissiyanı mümkün qədər tez təşkil etmək və onun işini başlatmaq zəruridir. Bu prosesdə Bakıya və Yerevana məsləhət yardımı göstərməyə hazırıq.
Əsirlər probleminə gəlincə, Rusiya onun həllində fəal iştirak edir. Xatırladaq ki, 2020-ci il dekabrın 2-dən Rusiya sülhməramlılarının vasitəçiliyi ilə 146 saxlanılan şəxs - 127 nəfər Ermənistan tərəfə, 19 nəfər Azərbaycan tərəfə qaytarılıb", deyə Lavrov bildirib.