Çirkli pullar ingilislərə qismət oldu
Azərbaycandan oğurlanan pullar müsadirə edildi
İngiltərədə Azərbaycandan oğurlanan pullar müsadirə edilib.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Londonda yaşayan azərbaycanlı iqtisadçı alim Qubad İbadoğlu öz facebook səhifəsində xəbər verib.
Bildirilir ki, bu gün, Londonun Westminster Magistrates Məhkəməsinin hakimi Azərbaycandan olan üç milyonçunun ölkəyə qanunsuz gətirdiyi "çirkli pul"dan - 5,64 milyon funt sterlinqini müsadirə etməklə bağlı Britaniyanın Milli Cinayət Agentliyinə tapşırıq verib.
Müsadirə olunan vəsait azərbaycanlı dərman maqnatı və deputat Cavanşir Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyeva, cütlüyün oğlu Orxan və qardaşı oğlu Elman Cavanşirə məxsusdur.
Ailə üzvlərinin hamısı iddia edirdilər ki, onların sərvətləri Cavanşir Feyziyevin qanuni biznes fəaliyyətindən əldə edilib və o, Regents Parkının yanındakı Cumberland Terrace-də ailəsinin çox milyon funtluq sterlinq dəyərində olan malikanəsinin də pulunu ordan ödəyib.
Lakin Westminster Magistrates Məhkəməsinin rayon hakimi Con Zani üçlüyün dondurulmuş bank hesablarında saxlanılan 15,3 milyon funt sterlinqin 5,6 milyon funt-sterlinqinin müsadirə olunmasına dair qərar çıxarıb. Müsadirə olunan pulun böyük hissəsi 4,4 milyon funt-sterlinqi xanım Feyziyevaya məxsusdur. Cavanşir Feyziyevin oğlu Orxanın 1 milyon funt-sterlinqi. qardaşı oğlu Elmanın da 240.000 funt-sterlinqi müsadirə edilib.
Bu cinayət araşdırıması tam yekunlaşmadığına görə depozitdə qalan vəsait bütüövlükdə dondurulub, malikanəyə də əl qoyulub. Baxmayaraq ki, Feyziyevlər ailəsi Londonda ən bahalı vəkillərə külli miqdarda pul xərcləyirdilər, amma heç nəyə nail ola bilmədilər. Eyni aqibəti hələ çoxları yaşayacaq.
Qubad İbadoğlu sonda yazır: Pensiyaçılar, azgəlirlilər qəpik-qəpik yığıb keyfiyyətsiz dərmana xərcləyir, ondan da qazananlar aparıb həmin pulları ingilislərə yedizdirirlər. Korrupsiya, rüşvətxorluq baş alıb gedən ölkədən oğurlanan pullar barəsində hələ çox xəbərlər gələcək.