DTX-nin əməliyyatından sonra Müdafiə Nazirliyi çalxalanır
Yüksək rütbəli zabit müəmmalı şəkildə öldü
Azərbaycan Müdafiə Nazirliyindəki maliyyə mənimsəmələrinə görə çox yüksək rütbəli bir zabit həyatını itirib.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Bakupost.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan zabit Üzeyir Cəfərov məlumat verib.
O, hələlik həmin şəxsin adını açıqlamaq istəməyib: “Zabitin ölümü açıb-ağardılmadı, sakitcə ötüşdürüldü. Çünki çox məsələləri onun üstünə yükləməyə çalışdılar və o insan da dünyasını dəyişdi”.
Nazirlikdəki yeyinti ilə bağlı DTX-nin keçirdiyi əməliyyat zamanı həbs olunanlardan danışan ekspert qeyd edib ki, iş bununla yekunlaşmayacaq: “Çünki hazırda ittiham olunan şəxslər sadəcə icraçılardırlar. Sənədi imzalayan şəxslər isə onların rəhbərləridir. Maliyyəçinin yeyintilər barədə rəhbərlərə hansı formada məruzə etməsi, hansısa sənədə imza çəkdirməsi və digər məsələlər, yəqin ki, araşdırmadan sonra məlum olacaq”.
Ü.Cəfərov konkret adlar da çəkib və deyib ki, bu məsələdə Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Sübhan Bəkirovin adını çəkmək olar, çünki həbs olunanlardan biri Hərbi Dəniz Qüvvələrinin nümayəndəsidir. Daha sonra bu məsələdə general-leytenant Ənvər Əfəndiyevin adını çəkmək lazımdır.
Onun sözlərinə görıə, ilk növbədə isə ən böyük məsuliyyət Müdafiə Nazirliyinin Maliyyə və büdcə idarəsinin rəisi general-mayor Nizami Məmmədovun üzərindədir. Onun da bu məsələdə ifadəsi alınıb. Amma saxlanılanlar arasında deyil.
Ehtiyatda olan zabit qeyd edibb ki, bu məsələyə görə Hesablama Palatası da sorğulanacaq. Maliyyə rəisləri qanunu pozublarsa, ən sərt şəkildə cəzalandırılmalıdırlar.
Xatırladaq ki, bir neçə gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində əməliyyat keçirib. Müdafiə Nazirliyinin Maliyyə idarəsinin rəisi Rafael Xəlilov, Quru Qoşunlarının Maliyyə şöbəsinin rəisi Bayramov Bayram Xəlil oğlu, N saylı hərbi hissənin Maliyyə şöbəsinin rəisi Fərahim Sərkərov, Müdafiə Nazirliyinin zabiti Vüsal Əlizadə maliyyə yeyintisi ittihamları ilə həbs olunublar. Onların haqqında 4 ay həbs qətimkan tədbiri seçilib.