Azərbaycanda reaksiya necədir?
Azərbaycan müxalifəti Rusiyanın hücumunu pisləyib, iqtidar isə susur
Ukrayna müharibəsi Azərbaycanda da diqqət mərkəzindədir, hökumət mövqe bildirmi, müxalifət isə Rusiyanı qınayır.
SəhərAzəri-nin məlumatına əsasən, AXCP Ukrayna xalqını və dövlətini onun haqqlı mövqeyini və dünya tərəfindən tanınan ərazi bütövlüyünü dəstəkləyib və bildirib ki, bu savaş Rusiya tərəfindən heç nə ilə pərdələnməyən təcavüzkar hərəkətdir və istisnasız olaraq hamı tərəfindən pislənilməlidir.
Müsavat Partiyasının sədri Arif Hacılı da deyib: "Rusiya tərəfindən başladılmış işğalçı müharibə 1945- ci ildən sonra dünya miqyasında ən böyük, dağıdıcı müharibə olacaq. İstər Rusiya, istərsə də Ukrayna böyük, yerinin doldurulması mümkün olmayan itkilər verəcək. Bütün dünyada itkilərə, böhrana səbəb olacaq bu müharibədə ən çox itirən Rusiya olacaq. Çünki, Rusiya yalnız Ukraynaya qarşı yox ABŞ-a, Avropa İttifaqına, bütün mütərəqqi dünyaya qarşı müharibəyə başlayıb".
Azərbaycan bu müharibədə birmənalı şəkildə haqqın, ədalətin, öz ölkəsinin ərazi bütövlüyü uğrunda vuruşan Ukraynanın tərəfində olmalıdır, deyə o, əlavə edib.
REAL Partiyasının sədri İlqar Məmmədov də deyib ki, Rusiya Ordusunun Ukrayna ərazisinə daxil olamsı beynəlxalq hüququn pozulmasıdır.
"O da görünür ki, hazırda beynəlxalq hüquq və beynəlxalq əməl Ukraynanı qorumaq imkanında deyil. Rusiya qarşı Amerika və Avropa İttifaqı tərəfindən qoulan sanksiyalar var. Hesab edirəm ki, bu sanksiyaların ardınca Rusiyanın Avropa Şurasında üzvlüyünün dondurulması gəlməlidir", deyə Məmmədov bildirib.
Xatırladaq ki, genişmiqyaslı müharibə başlamasına baxmayaraq, Azərbaycan XİN və ölkə rəhbərliyi hər hansı qiymətləndirmə və ya bəyanatla çıxış etməyib.