BMT Rusiyanın Ukraynaya hücumunu pisləyən qətnaməni qəbul edib
BMT Baş Assambleyası “Ukraynaya qarşı təcavüz” adlı qətnaməni səs çoxluğu ilə qəbul edib.
SəhərAzəri-nin məlumatına əsasən, müvafiq qətnamə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən fövqəladə xüsusi sessiyası zamanı dəstəklənib.
BMT-yə üzv olan 141 ölkə qətnamənin lehinə, 5-i əleyhinə səs verib, 35-i isə bitərəf qalıb.
Qeyd edək ki, Azərbaycan Respublikası səsvermədə iştirak etməyib, Ermənistan isə bitərəf qalıb.
Qətnamənin mətnində qeyd olunur ki, Rusiya Ukraynaya qarşı təcavüz edib. Bununla bağlı Rusiyadan atəşi dayandırması və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, yəni Krım və Donbass daxil olmaqla, Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarması tələb olunur.
Ukrayna prezidenti səsvermənin nəticəsindən razılıq ifadə edib. O öz tvitter hesabında yazıb: "BMT Baş Assambleyasında Rusiyanın Ukraynaya qarşı xəyanətkar hücumunu dərhal dayandırmağı qətiyyətlə tələb edən qətnamənin görünməmiş səs çoxluğu ilə qəbul edilməsini alqışlayıram. Mən “hə” deyən hər bir dövlətə minnətdaram."
Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel də sözü gedən qətnaməni alqışlayıb. O bildirib ki, Baş Assambleya prezident Putinin Ukraynaya işğalını böyük səslə rədd edib və sülhə çağırıb. Dünya beynəlxalq sülh və təhlükəsizliyin əsaslandığı qanunların və prinsiplərin müdafiəsində birləşir.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen isə tviter hesabında bildirib ki, dünya ictimaiyyəti Rusiyanın Ukraynaya hücumuna qarşı həmrəydir.
Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Həbri əməliyyatların gedişində hər iki tərəfdən xeyli sayda hərbçi həlak olub və ya yaralanıb. Müharibə xüsusən Ukraynaya fəlakətlər bəxş edib. Bu ölkənin xeyli sayda dinc sakini həlak olub və yaralanıb, şəhərlərin infrastrukturuna ciddi ziyan dəyib.