Mart 08, 2022 12:43 Asia/Baku
  • Atəşkəs pozuldu, Azərbaycan tərəfi erməniləri ittiham edir

Ermənilər Azərbaycanın Qarabağda və Naxçıvanda yerləşən mövqelərinə atəş açıb.

SəhərAzəri xəbər verir: Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, martın 7-si saat 18:45-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan ordusunun Ağdam rayonunun Paprəvənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

Bundan başqa, martın 8-i saat 07:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kilid yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini də atəşə tutub.

Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti azərbaycanlı hərbçilərin tam nəzarəti altındadır", deyə Nazirliyin məlumatında bildirilir. 

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri martın 2-də də sərhədin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutmuşdu.

Bəzi müşahidəçilər bildirirlər ki, Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın neytral mövqeyi Moskvanı bərk hiddətləndirib, sərgilədiyi mövqeyə görə Bakıya cəza kəsmək niyyətini gizlədə bilmir. Mart ayının əvvəllərindən artıq demək olar ki, hər gün Azərbaycan ərazilərində baş verən erməni təxribatları bunu deməyə əsas verir. 

Teqlər