Azərbaycan Ermənistana 5 maddəlik yeni təklif təqdim edib
Erməni tərəfi Bakının təklifinə soyuq yanaşır
Azərbaycan Respublikasının XİN başçısı rəsmi Bakının Ermənistana münasibətlərin normallaşmasına dair 5 maddədən ibarət sənəd göndərdiyini və cavab gözlədiklərini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Ceyhun Bayramov deyib ki, Ermənistan səmimi şəkildə münasibətlərin normallaşmasını istəyirsə, bu, onlar üçün çox gözəl fürsətdir.
Nazir qeyd edib: "Mesaj bundan ibarətdir: Münasibətlərimizin əleyhinə olan işğal faktoru artıq ortadan qalxıb. Bu vəziyyətdə Azərbaycan tərəfi keçmişin bütün çətinlik və problemlərinə baxmayaraq, Ermənistanla münasibətlərin normallaşmasına tərəfdardır".
Bayramov vurğulayıb ki, bir ilə yaxındır Ermənistan Azərbaycanın təklifinə hər hansı cavab verməyib: "Azərbaycan xoş niyyətini göstərmək üçün bu yaxınlarda Ermənistana yeni bir təklif göndərib. Biz Ermənistana Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasını ehtiva edən bəzi təməl prinsiplər təklif etmişik. Dedik ki, bəzi prinsiplər əsasında münasibətləri inkişaf etdirməyə hazırıq. Ermənistan bunlara baxıb cavab bildirməlidir. Yaxın zamanda Ermənistanın cavabı bilinəcək və təbii ki, biz bundan sonra buna uyğun addımları atacağıq".
XİN başçısı qeyd edib ki, təklif yaxın vaxtlarda verilib və bir səhifəlik sənəddir: "Təməl prinsiplər müəyyən edildi və təklif edildi. Ermənistan münasibətlərin normallaşmasını istəyirsə, onlar bu təklifə yanaşmalarını dərhal bildirməlidir. Ancaq bunu deyə bilərəm ki, o sənəddə əksini tapan prinsiplərin hamısı beynəlxalq münasibətlərə dair prinsiplərdir".
Nazir diqqətə çatdırıb ki, Azərbaycan tərəfindən dəfələrlə vurğulanan iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi məsələsi də bu təkliflər arasındadır. Bu istiqamətdə ikitərəfli əməkdaşlıq qrupu yaradılmalı və bu qrup çalışmalara başlamalıdır.