Rusiya Qarabağda vəziyyəti gərginləşdirməklə qərbin dəstəyini almaq istəyir?
Əvvəlcə ABŞ və Fransa, ardınca Rusiya Azərbaycan Ordusunun “əvvəlki mövqelərinə” geri qayıtmağı ilə bağlı çağırış etdi. Vaşinqton və Parisdən fərqli olaraq sülhməramlıları bölgədə yerləşən Moskvanın çağırışı narahatlığa əsas yaradır, çünki bundan öncə məhz rusların müdaxiləsi ilə bir çox addımların qarşısı alınıb.
SəhərAzəri-nin məlumatına əsasən, siyasi ekspert Natiq Cəfərli Axar-aza müsahibəsində Rusiya Müdafiə Nazirliyinin rəsmi açıqlamasında açıq şəkildə “Dağlıq Qarabağ ərazisi” və “Dağlıq Qarabağ silahlı birləşmələri” sözlərinin yer almasına toxunaraq deyib: Rusiya MN israrla bizi daha sərt addımlar atmağa təhrik edir.
Ekspertə görə, bu gün Xankəndi və ətrafında vəziyyətin gərginləşməsi ən çox Rusiyaya sərf edir:
Natiq Cəfərli Rusiyanın Xankəndidə vəziyyəti gərginləşdirməkdə hansı məqsədlər güddüyü barədə bunları deyib: “Dünyanın diqqətini Ukraynadan az da olsa yayındırmağa nail olmaq, dünyada indi yeganə “pozitiv” aktivi olan Azərbaycandakı “sülhməramlılıq” missiyasını vurğulayaraq öz vacibliyini önə çəkməyə çalışmaq, qərb dövlətlərini bu mövzuda Moskva ilə danışmağa, təmaslar qurmağa məcbur etmək, Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması cəhdlərini baltalamaq və Azərbaycan və Türkiyənin Ukrayna mövzusunda tutduqları mövqedən qəzəbini ifadə etmək”.
ABŞ və Avropa Birliyi Ukraynadan fərqli olaraq, Qarabağdakı erməni separatçıları dəstəkləyirlər və məhz buna görə də erməni separatçılarına qarşı rəsmi Bakının hansısa addımı olarsa qərb dövlətləri Rusiyanın yanında yer alacaqdır.
Politoloqun fikrincə, bütün bunları anlayaraq, çox ehtiyatlı, diqqətli, səbirli davranmaq lazımdır. “İndiki zamanda Rusiya MN-in təxribatlarına getmək olmaz, bu gün Rusiya MN-in açıqlaması bizi daha da sərtləşməyə təhrik etmək üçündür, bunu unutmayaq”,- Natiq Cəfərli deyib.