Mart 27, 2022 14:31 Asia/Baku
  • Xankəndinə qaz verilməsi bərpa olunur

Martın 28-də Xankəndi və digər ətraf yaşayış məntəqələrinə təbii qazın verilməsi bərpa olunacaq və ilk növbədə test işləri həyata keçiriləcək. Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat verib.

SəhərAzəri-nin məlumatına əsasən, “Azəriqaz” Qarabağdakı ermənilərə təbii qazdan istifadə edən zaman diqqətli olmaq, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etməyi tövsiyə edib.

“Azəriqaz”dan bildirilib ki, martın 29-da test yoxlamaları başa çatdırıldıqdan sonra Qarabağ iqtisadi rayonuna aid ərazidə təbii qazın verilməsi tam bərpa olunacaq.

“Azəriqaz” xatırladıb ki, son günlər Qarabağ iqtisadi rayonuna aid ərazidə qaz paylayıcı xətlərdəki nasazlıq qaz təchizatında problemlərin yaranmasına səbəb olub. "Azəriqaz" İB-nin əraziyə ezam olunmuş əməkdaşları qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görürlər", - məlumatda deyilir.

Xatırladaq ki, Xankəndidəki ermənilərin qaz təchizatındakı təxirlə bağlı ABŞ və Aİ-dən Azərbaycana müraciətlər olundu. Həmin müraciətlərdə rəsmi Bakıya etimadsızlıq nümayiş olunaraq, Qarabağ ermənilərinin dərhal enerji ilə təmin olunmasına çağırılır.

“Azəriqaz”-ın məlumatında Azərbaycan Respublikasının ərazilərinin bu hissəsində, qazın ölkə daxilindən yoxsa yenə də Ermənistandan təmin olunacağı məsələsinə aydınlıq gətirilməyib. 

Teqlər