Elçin Məmməd aclıq aksiyasına başlayıb
Hazırda Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalist və hüquq müdafiəçisi Elçin Məmmədin aclıq aksiyasına başladığı deyilir.
SəhərAzəri-nin məlumatına əsasən,hüquq müdafiəçisinin anası Rahilə Məmmədli Turana bildirib ki, artıq 2 ildir həbsdə olan Elçin özünə qarşı ədalətsizliyə son qoyulmasını və dərhal azadlığa buraxılmasını tələb edir.
Turan informasiya agentliyi Penitensiar Xidmətdən hüquq müdafiəçisinin aclığa başlaması ilə bağlı məlumat ala bilmədiyini bildirib.
“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin rəhbəri, “Yüksəliş naminə” saytının redaktoru Elçin Məmməd 2020-ci ilin martında həbs edilib və 17 oktyabr 2020-ci ildə Sumqayıt Şəhər Məhkəməsinin oğurluq və qanunsuz silah-sursat saxlamaq ittihamı əsasında çıxardığı hökmlə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Amnesty International, PEN, FİACAT və digər qərb hüquq müdafiə təşkilatları Elçin Məmmədin həbsini pisləyib. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyır.
“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin müraciətində deyilir ki, Elçin Məmmədin həbsinin əsl səbəbi onun Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabatları, sosial şəbəkələrdə hakimiyyətin ünvanına tənqidi yazıları, korrupsiya faktlarını ifşasıdır.