May 12, 2022 09:40 Asia/Baku
  • L.Abdullayeva: Ermənistanın sülh çağırışları sual altındadır

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Ermənistan baş nazirinin Niderlandın Klingendayl Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi iddialar əsassız və qeyri-səmimidir.

SəhərAzəri-nin məlumatına əsasən, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bu haqda deyib: “Ermənistan tərəfi əvvəlcə ümumiyyətlə, mina xəritələrinin mövcudluğunu inkar edirdi. Daha sonra isə beynəlxalq ictimaiyyətin bu məsələdə mövqeyi ilə üzləşən Ermənistan mina xəritələrini hissə-hissə Azərbaycana təqdim etdi və verilən xəritələrin dəqiqliyi isə 25% təşkil edib. Ümumiyyətlə, Ermənistan tərəfindən mina xəritələrinin təqdim edilməsini humanitar jest kimi qələmə vermək yanlışdır.

Onun sözlərinə görə, üçtərəfli bəyanat imzalandıqdan bu günədək əksəriyyəti mülki şəxs olmaqla, 219 nəfər mina qurbanı olub. Bu ilin yalnız aprel ayında baş vermiş 9 hadisə nəticəsində 10 nəfər minalardan xəsarər alıb. Həmçinin bu ərazilərdəki geniş miqyaslı mina problemi köçkünlərin öz evlərinə tez qayıtmasına ciddi təhdid doğurur. Belə olduğu halda, Ermənistan baş nazirinin Azərbaycanı humanitar addımlar atmamaqda, saxlanılan erməni əsilli şəxsləri qaytarmamaqda ittiham etməsi yersiz və əsassızdır.”

Leyla Abdullayeva qeyd edib ki, Ermənistan rəhbəri yaxşı olardı, öncə Azərbaycan ərazilərinə qanunsuz şəkildə daxil olan erməni əsilli diversantların Azərbaycanda saxlanma səbəbini anlasın.

Hökumət rəsmisi sonra İrəvanın həqiqi sülhdən yayındığını söyləyib. “Ermənistan baş nazirinin Azərbaycana qarşı hələ də əsassız iddialarla çıxış etməsi, bu ölkənin sülh üçün hərəkətə keçmək istəyini ciddi sual altına alır”, - deyə Leyla Abdullayeva vurğulayıb.

Teqlər