Əliyev Ərdoğanı məlumatlandırdı
Zəngəzur dəhlizinin açılması kimin xeyrinədir? - ŞƏRH
Azərbaycan Respublikasının prezidenti türkiyəli həmkarını Brüssel görüşünün nəticələri barədə məlumatlandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, telefon söhbəti zamanı İlham Əliyev Brüssel görüşündə Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə bağlı tərəflərin razılığa gəldiyini bildirib.
Prezident İlham Əliyev həmçinin Brüssel görüşündə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, bu xüsusda Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan beş prinsipin təqdim olunması, iki ölkə arasında münasibətlərin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası ilə bağlı müzakirə olunan məsələlərə toxunub. Azərbaycan Prezidenti üçtərəfli görüşün nəticəsini müsbət qiymətləndirdiyini bildirib.
Qeyd edək ki, 10 noyabr 2022-ci il razılaşmasına əsasən Ermənistanın cənubundan Zəngilan ilə Naxçıvan arasında kommunikasiya xətti yaradılacaq və onun təhlükəsizliyinə Rusiya qüvvələri nəzarət edəcəklər. Bu, Rusiyanın hələ uzun müddət regionda söz sahibi olacağına işarədir.
Ekspertlərə görə rəsmi Bakının "Zəngəzur dəhlizi" adlandırdığı yol Rusiya üçün strateji əhəmiyyətə malik olacaq; belə ki, Rusiyanın Gürcüstan üzərindən Ermənistanla yükdaşımalarına ehtiyac qalmayacaq və bu dövlət Azərbaycan-Ermənistan marşrutu ilə Yaxın Şərq regionuna çıxış əldə edəcəkdir. Bu isə o deməkdir ki, yolun açılması Azərbaycan, Ermənistan və Türkiyədən qabaq Rusiya Federasiyasının maraqlarını təmin edəcəkdir.
Eyni zamanda Rusiya bu dəmir yolu və avtomobil yolu ilə Türkiyənin bölgədəki nəqliyyat fəaliyyətlərini nəzarətdə saxlayaraq istənilən anda yükdaşımalarını əngəlləyə bilər. Bundan fərqli olaraq İran marşrutundan istifadə olunarsa, Rusiya belə bir strateji imkandan məhrum olacaqdır. Həmin faktı nəzərə alaraq, Azərbaycan hökumətinin kommunikasiya xəttlərini şaxələndirməsi və İran İslam Respublikası üzərindən Naxçıvana çıxışla bağlı imzalanmış sənədin icrasına təşəbbüs göstərməsi müstəsna əhəmiyyətə malikdir.