May 30, 2022 14:08 Asia/Baku
  • İlham Əliyev İran Prezidentinə başsağlığı verib

Azərbaycan Respublikası prezidenti İlham Əliyev İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisiyə ünvanladığı məktubda Xuzistan vilayətinin Abadan şəhərində bir binanın çökməsi nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.

SəhərAzəri-nin məlumatına əsasən,İlham Əliyev İbrahim Rəisiyə ünvanladığı məktubda Abadanda baş verən bədbəxt hadisə ilə bağlı kədərləndiyini bildirib.

 “Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”,- İlham Əliyevin İran prezidentinə ünvanladığı məktubda deyilir.

23 mayda İranın Xuzistan vilayətinin Abadan şəhərinin Əmiri küçəsində Metropol adlı tikilməkdə olan 10 mərtəbəli binanın bir hissəsi çöküb. Hadisə nəticəsində bu günədək ölənlərin sayı 31 nəfərə çatıb. 38 nəfər isə itkin düşüb. Dağıntılar altından 32 nəfərin xilas edildiyi bildirilib.

Rəsmilər dağıntının səbəbinin araşdırıldığını bildiriblər. Hadisə ilə əlaqədar bir neçə nəfər həbs edilib.

 

Teqlər