İlham Əliyev Putinə zəng edib
Brüssel müzakirələri barədə izahat verilib
Azərbaycan və Rusiya prezidentləri Qarabağla bağlı sazişlərin icrasını müzakirə ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev telefon danışığı zamanı Qarabağ üzrə sazişlərin icra vəziyyətini nəzərdən keçiriblər.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, telefon danışığı Azərbaycan tərəfinin təşəbbüsü ilə reallaşıb. Və söhbət zamanı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin icrası, regionda dinc həyatın bərqərar olunması və sabitliyin möhkəmləndirilməsi, nəqliyyat kommunikasiyaların açılması ilə bağlı konkret məsələlərin həlli diqqət mərkəzində saxlanılıb.
Bundan əlavə, Əliyev mayın 22-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə keçirilən görüş barədə məlumat verib.
Qeyd edək ki, Qərbin Rusiyadan xəbərsiz Azərbaycanla Ermənistan arasında vasitəçiliyə başlaması Rusiyanı qətiyyən qane etmir və prezident Əliyevin rusiyalı həmkarına son müzakirələr barədə izahat verməsinə ehtiyac duyulub.