İyun 03, 2022 15:57 Asia/Baku
  • “Ermənistan dövlət sərhədində vəziyyəti gərginləşdirməyə çalışır”

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, bu ölkə ordusunun mövqeləri qumbaraatan və iri çaplı silahlardan da istifadə edilməklə növbəti dəfə atəşə tutulub.

SəhərAzəri-nin məlumatına əsasən, iyunun 2-si axşam saatlarından iyunun 3-ü gecə saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini qumbaraatan və iri çaplı silahlardan da istifadə etməklə növbəti dəfə atəşə tutub.

Müdafiə Nazirliyi Ermənistan tərəfini ittiham edib ki, öz ictimaiyyətinin diqqətini daxildə baş verən proseslərdən yayındırmaq məqsədilə iriçaplı silahlardan istifadə edərək dövlət sərhədində vəziyyəti gərginləşdirməyə çalışır. Belə bir şəraitdə qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - deyə məlumatda qeyd edilib.

Bu arada Azərbaycanın ittihamlarına cavab olaraq Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın sərhəddə atəş açmaqla bağlı ittihamlarını təkzib edib.

Ermənistan Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir: “Azərbaycan Müdafiə Nazirliyinin bəyanatına görə, iyunun 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan və qumbaraatanlardan atəşə tutublar. Lakin bu, növbəti dezinformasiyadır. Ermənistan-Azərbaycan sərhədində vəziyyət nisbətən sabitdir”, - deyə bəyanatda vurğulanır.

Xatırladaq ki, mayın 30-da da Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutmuşdu.

 

Teqlər