Rusiya sülhməramlılarının fəallaşdığı deyilir
Rusiyanın Azərbaycan Respublikasının Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Tərtər, Xocalı, Xocavənd rayonlarının bir hissəsini, eləcə də Xankəndi şəhərini nəzarətdə saxlayan sülhməramlı hərbi kontingenti son günlər Tərtər rayonunun Azərbaycan ordusunun nəzarətində olan əraziləri istiqamətində fəallıq nümayiş etdirir.
SəhərAzəri-nin məlumatına əsasən,Moderator.az saytı Rusiya Müdafiə Nazirliyinin rəsmi saytının sülhməramlılara aid bölməsində araşdırma aparıb.
Həmin araşdırmanın nəticələrinə görə, son aylar Rusiya hərbçiləri başqa ərazilərə nisbətən hazırda inzibati-hüquqi cəhətdən Tərtər rayonuna aid olan məntəqələrdə daha tez-tez patrul xidmətləri həyata keçirirlər. Rusiya MN-in sözügedən saytındakı xəritələr üzrə müşahidələr göstərir ki, 2022-ci ilin martın 1-dən etibarən rayonun Azərbaycan ordusunun nəzarətində olan strateji Qapanlı kəndi yaxınlığındakı, Ağdam rayonunun Şotlanlı kəndinə yaxın məntəqədəki "Vostoçnıy"("Şərq") adlandırdıqları 20-ci post, Ağdərə şəhəri və Çiləbört kəndindəki 19-cu müşahidə postları arasında patrul xidməti fasilə verilmədən gündəlik olaraq həyata keçirilir.
İyunun 3-də isə deyilən məntəqələr arasındakı marşrutla yanaşı, Tərtər rayonu ərazisindəki Göyarx, Suqovuşan kəndi yaxınlığındakı 951 metrlik yüksəklik, Lüləsaz(21-ci post) və Çardaqlı kəndləri arasında da patrul xidməti icra edilib.
Məlumatda həm də deyilir ki, son 1 il yarımdan çox müddət ərzində Azərbaycan media və ictimaiyyətinin, həmçinin Müdafiə və Xarici İşlər Nazirliklərinin tələb və iradlarına rəğmən Rusiya MN-in saytında Azərbaycan Respublikası ərazisindəki bir sıra toponim və hidronimlər ermənilərin istədiyi kimi qeyd olunur. Bəhs edilən halda da Tərtər rayonunun Ağdərə şəhəri “Mardakert”, Çardaqlı kəndi “Maqavuz”, Lüləsaz kəndi “Akop Kamari”, Göyarx kəndi “Levonarx”, Çiləbört kəndi “Craberd” kimi qeyd olunub.
Xatırladaq ki, 2021-ci ilin sentyabrında Rusiya MN-nin rəsmi saytında sülhməramlılara aid bölmədəki xəritələrdə bir həftə ərzində Tərtər rayonunun Azərbaycan ordusunun nəzarətindəki Qapanlı kəndi də guya Rusiya hərbi kontingentinin nəzarətində olan məntəqə kimi göstərilmiş, 2022-ci il yanvarın əvvəlində isə bir neçə gün ərzində Suqovuşan kəndi “Madagiz” adıyla sözügedən kontingentin dislokasiya xəritəsinə daxil edilmişdi...