İyun 07, 2022 10:09 Asia/Baku
  • Tale Bağırzadə aclıq aksiyasına başlayıb 

Uzunmüddətli həbs cəzası çəkən "Müsəlman Birliyi" Hərəkatının rəhbəri Tale Bağırzadə aclığa başlayıb. O, polis bölməsində inanclı insanların işgəncəyə məruz qalmasına və hüquq-mühafizə orqanlarının Allahı təhqir etməsinə etiraz edir.

SəhərAzəri-nin məlumatına əsasən, Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadənin Turan-a verdiyi məlumata görə, mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında saxlanılan beş nəfər dindarı özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edən şəxlər işgəncəyə məruz qoyub.  

"İşgəncə verən şəxslər Allahı da söyüb. Tale buna etiraz edir və həmin şəxslərin cəzalandırılmasını tələb edir. İşgəncə məsələsi ilk deyil, amma Allahın söyülməsi pik nöqtədir", deyə İsmayılzadə bildirib.  

Onun sözlərinə görə, Bağırzadə iyunun 3-də aclıq aksiyasına başlaması ilə bağlı Qobustan Qapalı Həbsxanasının rəhbərliyini rəsmi qaydada məlumatlandırıb. 

Öz növbəsində, Dövlət Təhlükəsizlik Xidmətinin mətbuat xidmətindən Turan Agentliyinə bildiriblər ki, DTX əməkdaşlarının küfrü haqqında məlumat həqiqətə uyğun deyil. 

Xatırladaq ki, mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının üzvü Razi Abbasov barəsində hökm oxunub. O, 6 il müddətinə azadlıqdan məhrum edilib. Bu zaman polis prosesi izləmək üçün gələn, məhkəmənin qarşısında toplaşan dindarları dağıdıb. Beş nəfər saxlanılıb, "Müsəlman Birliyi"nin üç üzvü polisə müqavimət ittihamı ilə təqsirləndirilərək bir aylıq inzibati həbsə məhkum edilib, digər iki fəal saxlanıldıqdan bir neçə saat sonra sərbəst buraxılıb.

Teqlər