İyun 15, 2022 20:49 Asia/Baku
  • QMİ-nin gecikmiş bəyanatı  gözləntiləri təmin etdimi?

Qafqaz Müsəlmanları İdarəsi(QMİ) həbsdə olan Müsəlman Birliyi Hərəkatının sədri Hacı Tale Bağırzadənin həbsxana rəsmilərinin Allahı təhqir etmələrinə qarşı etiraz əlaməti olaraq aclıq elan etməsi və ardınca Azərbaycan Respublikası cəmiyyətində bu çirkin hərəkətə qarşı geniş etirazlar şəraitində gec də olsa bir bəyanat yayıb.

QMİ-nin bəyanatından belə hiss olunur ki, bu qurum bir tərəfdən özünü dini dəyərlərin müdafiəçisi, digər tərəfdən isə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin rəqibi olaraq, Laik hökumət ilə xalq arasında körpü roluna malik olduğunu göstərməyə çalışıb.

Nəzərə alsaq ki, Dini Etiqad Azadlığı Haqqında Qanuna edilən son dəyişikliklər nəticəsində QMİ öz səlahiyyətlərinin böyük hissəsini itirib və hətta məscidlərə imam təyin etmək kimi ənənəvi səlahiyyətindən belə məhrum edilib. Bu bəyanat onun öz varlığını qoruyub saxlamaq uğrundakı cəhdləri sırasında qiymətləndirilə bilər.

Hal bu ki, Azərbacan Respublikası cəmiyyətinin QMİ-dən başqa gözləntiləri var. Dindar kəsimin fikrincə bu qurum müsəlmanların qurumu olaraq təsirli rol oynaya bilməmişdir və bunun növbəti nümunəsi də elə dindarları aclıq aksiyası ilə bağlı son bəyanatıdır. Bu bəyanat dindar kəsimin QMİ-dən daha da məyus olmasına gətirib çıxarıb. Ona görə ki, bəyanatda küfr söyləyənlər, Allaha qarşı nalayiq ifadələr işlədənlərin eləcə də dindar məhbusları işkəncə edənlərin cəzalandırılmalı olduqlarına toxunulmayıb və sadəcə hökumətin rəsmi mövqeyi öz əksini tapıb. Bu da öz özlüyündə Azərbaycan Respublikası konstitusiyasının dinin dövlətdən ayrı olmasına dair prinsipinə ziddir.

Azərbaycan ictimaiyyətinin QMİ-dən gözləntisi ən azından bu kimi hallarda dindarların yanında yer alması və hökumətə lazımı məsləhətlər verməsidir. Yoxsa müsəlmanların dini qurumu adını daşıyan bir idarədən dini mövzulara hökumətin mövqeyindən və birtərəfli olaraq yanaşma dindarları öz hüquqlarını başqa yollarla təmin etmək məcburiyyətində qoyacaqdır.

QMİ son hadisələr barədə elə öz bəyanatında dəfələrlə vurğuladığı dinlərə hörmət prinsipinə riayət edilməsini hökumətdən və dövlət rəsmilərindən tələb etsəydi öz vəzifəsini doğru-düzgün yerinə yetirmiş olardı.

QMİ-nin bu gecikmiş bəyanatı isə onun dindarlar arasındakı sarsılan mövqeyinə növbəti zərbə oldu.  

Teqlər