Tərtər Cinayəti gündəmdən düşmür
Xanlar Vəliyev: İşgəncələrin qarşısını mən aldım!
Azərbaycanın hərbi prokuroru etirazçıların istefa tələbinə cavab verdi.
SəhərAzəri-nin məlumatına əsasən, Xanlar Vəliyev “Tərtər cinayəti” qurbanlarının yaxınlarının Hərbi Prokurluq qarşısındakı aksiyası və onun istefa tələbinə münasibətində deyib: "Mənə istefa çağrışı etmək absurddur. Mən o işgəncələrin qarşısını alan adamam. Mən olmasam, Allah bilir nələr olacaqdır."
Xanlar Vəliyevin sözlərinə görə, Hərbi Prokurorluq qarşısına toplaşan şəxslərin bir çoxu məlum işgəncədən zərərçəkənlərin yaxınları olmayıb: “onların arasında dövlətə xəyanət ittihamı ilə cəza çəkən şəxslərin yaxınları, həmçinin, qazi adı ala bilməyənlər, hansısa nazirlikdən şikayətçi olanlar var idi”.
Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları 2017-ci ildə Ermənistanın xeyrinə casusluqda ittiham olunan hərbçilərə işgəncə verilməsilə bağlı "Tərtər işi"nin istintaqını davam etdirir. Həm hakimiyyət strukturları, həm də hüquq müdafiəçiləri 100-dən çox insana işgəncə verildiyini bildirirlər. Rəsmilər bir, hüquq müdafiəçiləri isə 11 nəfərin öldüyünü deyirlər. Daha əvvəl bu iş üzrə bəzi icraçılar mühakimə olunub cəzalandırılsalar da, o vaxt baş verənlər ətraflı araşdırılmayıb.
O hadisələrin üstündən beş il keçsə də, çoxsaylı hərbçilərə qarşı aparılan cinayət işindəki qanunsuzluqlar və istintaq çərçivəsində ordunun ruhunu sarsıtmağa yönələn dəhşətli işgəncələr ictimaiyyətin gündəmindədir.