İyun 23, 2022 09:10 Asia/Baku
  • ABŞ anti-Azərbaycan fəaliyyətinə keçib - TƏHLİL

ABŞ Minsk Qrupunu Bakıya sırımaq istəyir, Azərbaycan Respublikası isə Minsk Qrupunu istəmir ki, bu məsələni gündəmə gətirmək Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almaq cəhdidir.

SəhərAzəri-nin məlumatına əsasən, Qərbin Azərbaycan Respublikasına qarşı ikili oyununun sonu yoxdur. Bu yaxınlarda Bakıya səfər edən və özünü tamamilə rasional və normal aparan, hətta Brüsselin vasitəçilik səylərini təqdir edən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid deyib: “ABŞ Ukraynadakı müharibəyə görə Rusiya ilə əlaqələri kəssə də, Qarabağ münaqişəsinin sülh yolu ilə və davamlı həllini tapmaq üçün ATƏT-in Minsk Qrupu ilə işi davam etdirməyə hazırdır”.

O sonra qeyd edib: “ABŞ olaraq biz Minsk Qrupunun həmsədrlik prosesini dəstəklədiyimizi bəyan edir və hesab edirik ki, bu, xüsusilə Qarabağ məsələsində çox mühüm çərçivədir. Bu formatın saxlanması sülh prosesinin irəliləməsi üçün vacibdir və biz bunu yaxın gələcəkdə də davam etdirəcəyik.”

Bu məsələdə Rusiya ilə işləmək niyyətindəsinizmi sualına Donfrid belə cavab verib: “Bəli. Rusiya Minsk Qrupunun həmsədridir. Beləliklə, Fransa, ABŞ və Rusiya birlikdə işləməyə davam edəcəklər.”

Qeyd edək ki, bu il yanvarın ortalarında Azərbaycan prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Bakının Minsk Qrupunun Qarabağ münaqişəsinə müdaxiləsinə imkan verməyəcəyini bildirmişdi.

Bu günlərdə isə Bakıda keçirilən beynəlxalq forumda da eyni fikri təkrarlayıb.

Əslində Qərb diplomatlarının Azərbaycana qarşı belə ikiüzlü davranışları birinci dəfə deyil ki, müşahidə olunur. Hazırda isə Azərbaycanın əsəbini tarıma çəkmək üçün “Minsk Qrupu”, “Dağlıq Qarabağ” və “münaqişə” ifadələrindən istifadə edirlər.

O da məlum olur ki, münaqişənin daimi həllinə mane olan bu cür dağıdıcı və təxribatçı yanaşma təkcə ABŞ-ın İrəvandakı hazırkı səfiri Lin Treysinin işi deyil, həm də ABŞ-ın rəsmi mövqeyidir.

Bəs Azərbaycana qarşı təxribat xarakterli sözlər işlətməkdə davam edən amerikalı diplomatların niyyəti nədir və bu ölkədən nə istəyirlər? Niyə bu ABŞ dövlət katibinin köməkçisi Bakıda olarkən Minsk Qrupu haqqında danışmadı, onun gələcək fəaliyyətindən danışmadı? Görünür, bu ona görədir ki, Azərbaycan Rusiya neftini və qazını əvəz etmək baxımından Qərb və ABŞ üçün xüsusi dəyərə malikdir və bu amil nəzərə alınıb, lakin İrəvanda siyasi ikiüzlülük kulminasiya nöqtəsinə çatır.

Tamamilə aydın məsələdir ki, ABŞ Bakıya Minsk Qrupunu sırımaq istəyir, lakin Azərbaycan Minsk Qrupunu istəmir və bu məsələnin gündəmə gəlməsi Bakı üçün təhdid və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almaq cəhdidir.

Eyni zamanda Minsk Qrupu 28 illik vasitəçilik fəaliyyəti dövründə yalnız Azərbaycana təzyiq göstərməklə məşğul olub və Bakı bir daha onun nəzarətinə keçmək istəmir.

Təəccüblüdür ki, indi Rusiya ilə açıq-aşkar düşmənçilik edən ABŞ ermənilərin hesabına Rusiya ilə dil tapmağa hazırdır! Bəs görəsən ABŞ Bakını Minsk Qrupunu qəbul etməyə məcbur edə bilərmi?

Digər tərəfdən, Minsk Qrupu həmsədrlərinin mövqeyinin niyə dəyişdiyi və onlara “xüsusi nümayəndə” adı verilməsi ilə bağlı suallar açıq qalır. Ukrayna, Moldova və Gürcüstandakı separatçılara qarşı ağır sanksiyalar tətbiq edən, lakin Dağlıq Qarabağdakı erməni separatçılarına rəğbət bəsləyən ABŞ niyə burda fərqli davranır?

Qeyd edək ki, Ukraynada müharibənin qızğın vaxtında bir tərəfdən ABŞ və Fransa Rusiyaya qarşı düşmən münasibət bəsləsələr də, Qarabağ bölgəsinin Fərrux kəndi məsələsində hər üçü Ermənistanı  dəstəklədi, Azərbaycan Fərrux kəndini işğal etməkdə ittiham olundu! Başqa sözlə, Azərbaycanı öz ərazisində təcavüzkar siyasət yürütməkdə ittiham etdilər!

Məhz bu səbəbdən rəsmi İrəvan öz sevimli şərtləri, yəni Minsk Qrupu, Dağlıq Qarabağ, Qarabağ münaqişəsi və status iddialarını davam etdirir.

Teqlər