Azərbaycan prezidenti Rusiyanın xarici işlər nazirini qəbul edib
İlham Əliyev İrəvanı öhdəliklərindən yayınmaqda ittiham edib
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.
SəhərAzəri-nin məlumatına əsasən, görüşdə prezident Əliyev Qafqazda möhkəm sülhün bərqərar olması işində Rusiya Federasiyasının fəal səylərini yüksək qiymətləndirərək, ümidvarlığını bildirib ki, 2020-ci il noyabr Bəyannaməsinin icrası məqsədilə məhz kommunikasiyaların açılması, Azərbaycan yüklərinin və vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına maneəsiz çatdırılmasının təmin edilməsi kontekstində praktiki addımlar atılacaq. Çünki bu, Ermənistan tərəfinin hüquqi öhdəliyidir.
Azərbaycan dövlət başçısı qeyd edib ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından ilyarımdan çox keçməsinə baxmayaraq Bəyannamənin həmin bəndi indiyə qədər yerinə yetirilməyib.
Prezidentin iradına cavab olaraq Rusiyanın xarici işlər naziri deyib ki, kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun fəaliyyətində müəyyən irəliləyiş var və avtomobillərin maksimum komfort şəkildə hərəkətinə heç bir süni maneə yaradılmaması üçün bu işin təşkili məsələsini necə həll etmək barədə ümumi fikir formalaşır. Rusiya nəticə əldə olunana qədər bu işə kömək edəcək.
Sergey Lavrov sonra Azərbaycanın və Ermənistanın razılığı ilə ölkəsinin bölgədə sülhün bərqərarına kömək göstərməyə hazır olduğunu vurğulayıb. "Azərbaycanda və Ermənistanda sərhədlərin delimitasiyası və demarkasiyası üçün yaradılmış iki komissiyanın xətti üzrə işə məsləhət xidmətləri göstərməyə də hazırıq", - deyə rusiyalı nazir vurğulayıb.