İyun 25, 2022 09:07 Asia/Baku
  • Aleksey Malaşenko: ATƏT-in Minsk Qrupunun perspektivi yoxdur

Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Aleksey Malaşenko ATƏT-in Minsk Qrupunun gələcək fəaliyyətini perspektivsiz hesab edir.

SəhərAzəri-nin məlumatına əsasən, Malaşenko bu barədə deyib: "Mən Karen Donfrid və Mariya Zaxarovanın ATƏT-in Minsk Qrupunun həmsədrliyi ilə bağlı verdikləri bəyanatları bu kontekstdə qiymətləndirirəm. Bu, indiki gərgin geosiyasi vəziyyətdə mürəkkəb diplomatik qılınc oyunundan başqa bir şey deyil. İndiki mərhələdə başqa heç nə gözləmək olmaz".

İyunun 22-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid İrəvanda bəyan edib ki, Rusiya ilə əlaqələrin kəsilməsinə baxmayaraq, ABŞ ATƏT-in Minsk Qrupu çərçivəsində Qarabağ münaqişəsinin nizamlanmasında əməkdaşlığı davam etdirməyə hazırdır.

Cavabında Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bu bəyanatın səmimiliyinə şübhə etdiyini bildirib. Onun sözlərinə görə, əgər Vaşinqton və Paris həqiqətən də Minsk Qrupunun fikrində olsaydılar, bütün üzv dövlətlərin təsdiq etdiyi mandata uyğun davranardılar.

Bu kontekstdə Malaşenko hesab edir ki, hazırda Ermənistan-Azərbaycan problemlərinin həllində vasitəçilik uğrunda şiddətli rəqabət gedir. Qərb isə Qarabağ sülh prosesində üstünlük əldə etməyə çalışır. “Əslində heç bir tərəf ATƏT-in Minsk Qrupunun nə edəcəyini düşünməyə qadir deyil. Bu, şübhəsiz ki, sülh prosesinə ziyan vurur və nəticələrin olmaması buna sübutdur. Ona görə də mövcud vəziyyəti həll etmək üçün vasitəçilər situasiyanı gərginləşdirmək siyasətindən əl çəkməlidirlər”, - deyə ekspert vurğulayıb.

Teqlər