Amerikalı konqresmen Azərbaycanı təhdid etdi
Adam Şiff Azərbaycanın qadağan olunmuş silahlardan istifadə etdiyini deyir
ABŞ konqresmeni Adam Şiff Konqresin Nümayəndələr palatasında Azərbaycanın 2020-ci ildə qadağan olunmuş silahlardan istifadəsinə dair hesabat tələb edən düzəliş hazırlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, konqresmen Nümayəndələr Palatasında Azərbaycanın 2020-ci ildə qadağan olunmuş silahlardan istifadəsinə dair hesabat tələb edən düzəlişi vurğulayaraq, bunun Azərbaycanın beynəlxalq hüquq normalarını nə dərəcədə pozduğunu aydınlaşdırmağa imkan verəcəyini vurğulayıb.
Adam Şiff deyib ki, 44 günlük müharibə zamanı Azərbaycan dəhşətli müharibə aparıb və Qarabağda humanitar böhran yaradıb, minlərlə erməni həlak olub, minlərlə insan öz ata-baba yurdlarını tərk etməyə məcbur olub.
O həmçinin qeyd edib ki, Azərbaycan son vaxtlara qədər qanunsuz olaraq erməni hərbi əsirləri saxlamaqda davam edir, onlar işgəncələrə məruz qalırlar.
Amerikalı millət vəkili sonra belə bir iddia irəli sürüb ki, Azərbaycan növbəti hücum qorxusu ilə qaranlıqda yaşayan minlərlə günahsız sakini təhdid edir. Ona görə də, Azərbaycanın beynəlxalq hüquq normalarını nə dərəcədə pozduğunu aydınlaşdırmaq lazımdır.
ABŞ Qarabağ ermənilərini birmənalı şəkildə himayə edir və bu yaxınlarda konqres separatçılara yeni yardım ayırıb.
Maraqlıdır ki, hökumət bu məsələyə qarışmadığını iddia etsə də, Qarabağa yeni statusun verilməsində və Minsk Qrupunun öz fəaliyyətini bərpa etməsində israrlıdır.