İyul 31, 2022 09:20 Asia/Baku
  • ABŞ Senatı 2 milyon dolları kimə verəcək? Qarabağda mina var?

ABŞ Senatının Qarabağda minatəmizləmə adı altında separatçılara maliyyə yardımı ayırması Azərbaycanda qəzəblə qarşılanıb.

 SəhərAzəri-nin məlumatına əsasən, ABŞ Senatı 2023-cü il büdcəsində “minaların təmizlənməsi” adı ilə Qarabağa 2 milyon dolların ayrılması haqda qanun layihəsini təsdiqləyib. Belə ki, Senatın Komitəsi ərazilərin minalardan təmizlənməsi məqsədilə "Dağlıq Qarabağ"a 2 milyon dollar yardım ayrılması haqqında qanun layihəsini təsdiqləyib:

Komitə Qarabağ münaqişəsində döyüşlərdən zərər çəkmiş ərazilərdə humanitar fəaliyyətlərin icrası, minatəmizləmə və partlamamış hərbi sursatların təmizlənməsi fəaliyyətləri üçün əvvəlcədən məsləhətləşmələr aparmaq şərti ilə 2.000.000 ABŞ dollarına qədər vəsait ayrılmasını tövsiyə edir.

Ümumilikdə, 2022-ci il büdcəsində Qarabağa maliyyə yardımı ayrılsa da, 2023-cü il dövlət büdcəsində bunun olmayacağı gözlənilirdi. Lakin indi bunun əksi baş verir. Məsələnin ən pis tərəfi odur ki, bu kimi istənilən yardım, qərar separatçı rejimin de-fakto qəbul edilməsi görüntüsünü yaradır. Bundan da qarşı tərəf təbliğat məqsədilə istifadə etməyə əsas əldə etmiş olur. Digər başlıca məqam 2 milyon dolların kimə veriləcəyi ilə bağlıdır. Qarabağın ermənilər olan hissəsinə Rusiya sülhməramlıları nəzarət etir. Bununla belə, Qarabağda minalar əsasən işğaldan azad edilmiş ətraf 7 rayonda basdırılıb və həmin əraziləri Azərbaycan tərəfi təmizləyir. Erməni separatçıların və Rusiya sülhməramlılarının nəzarətində olan ərazilər isə minalanmayıb.

Azərbaycanlı ekspertlər bildirirlər ki, ABŞ Senatının qərarı ədalətsiz olmaqla yanaşı, Azərbaycanın daxili işinə müdaxilə etmək anlamına gəlir. Onlar deyirlər ki, ötən illər ərzində Birləşmiş Ştatların Qarabağ separatçılarına ayrıca yardım etməsi azmış kimi, indi də “minaların təmizlənməsi” adı ilə vəsait ayırırlar. Halbuki Erməni separatçıları və rus sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə mina təhlükəsi yoxdur. Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmli Bakı-Xəbər qəzetinə deyib ki, minalarla əsas çirkləndirilən ərazilər Ağdam, Füzuli, Cəbrayıl rayonlarıdır. Digər ətraf rayonlarda da minalar basdırılıb. Ancaq sadaladığım rayonlar keçmiş təmas xəttində yerləşdiyi üçün orada çoxsaylı minalar var. Ermənistan həqiqi mina xəritələrini vermədiyi üçün ərazilərin minalardan təmizlənməsi böyük vaxt və vəsait tələb edir. Yaxşı olardı ABŞ bununla bağlı Azərbaycana yardım etsin. Nəticədə həm minatəmizləmə işi sürətlənər, həm də məcburi köçkünlərin öz yurdlarına qayıdışı tezləşəcək”.

Teqlər