Avq 08, 2022 16:39 Asia/Baku
  • Hz. Hüseynin (ə) sevgisini bizdən ayırmaq olmaz

Aşura Hz.Hüseynin (ə) başlatdığı mübarizə hərəkatıdır. Azərbaycanlı siyasi məhbus Abbas Hüseyn bu günün əhəmiyyətindən bəhs edib.

SəhərAzəri-nin məlumatına əsasən, Abbas Hüseyn yazır: 

Bu hərəkat haqqı-ədaləti, ləyaqəti, sədaqəti, insanlığı sevməyi, haqqa bağlılığı-gözəl olan hər şeyi özündə cəmləyib. Hz Hüseyn bir xalqa məxsus deyil, O, bütün azad insanların rəhbəri və bəşəri dəyərdir. Azərbaycan xalqı Kərbəla hadisəsinin əvvəlindən bu gününə qədər Aşura mərasimlərini keçirir, Hz.Hüseynin (ə) əzasını saxlayır. Aşurada Hz.Hüseynin(ə) sadiq dostlarından biri Azəri türkü Müslüm ibn Əmrin Kərbəla şəhidlərinin sırasında olması bizim xalq üçün də qürurvericidir.

Xalqımız Hz.Hüseynin əqidə və ideyasından yol alıb keçmiş tarixindən indiyə kimi öz milli kimliyini formalaşdırıb. Tarix boyu insanlar Hz.Hüseynin (ə) başlatdığı hərəkatdan örnək götürərək, vətəninin, dininin uğrunda meydanlara girib öz məqsədinə nail olub. Sonuncu Vətən müharibəsində igid,mərd və dəyanətli insanlar "Hüseyn Hüseyn" zikri, "Ləbbeyk Ya Hüseyn" şüarı ilə azğın ermənilərə gözəl dərs verib, 30 illik işğala son qoyaraq, torpaqları azad ediblər. 

Çox təəssüf ki, bizlərə milli kimliyimizi və qələbəmizi bəxş etməyə vəsilə olan Hz.Hüseynə (ə) və Aşuraya qarşı qadağalar, hörmətsizliklər olunur. Bu cılız işlərin arxasında böyük güclər, xarici qüvvələr olsa da, avam və savaddan yoxsul kəslər də bu tora düşərək, onların dəyirmanına su tökürlər. Nəticədə də, öz tarixinlərinə,milli kimliyinə, keçmişinə, Aşuradan və Hz.Hüseyndən(ə) yazmış dahi şəxslərə, xalqına, öz ənənəvi irslərinə xəyanət edirlər. 

Xalqın dəyərlərinə qarşı kəskin şəkildə anti-təbliğat aparan kommunist,ateist düşüncəlilər 70 il Sovetin dövründə mövcud idi. Onlar o zaman insanların inanclarını dəyişə bilmədikləri kimi, bu gündə Allahın izni ilə bacarmayacaqlar. Çünki Hz.Hüseynə (ə) sevgi,Aşuraya bağlılıq bu xalqın canına və ruhuna hoparaq, bütünləşib. Aşura və Hz.Hüseyn (ə) sevgisini insanlardan ayırmaq mümkün deyil.

Teqlər