Fransa və ABŞ səfirləri yenə də Şuşaya getmədilər
Hikmət Hacıyev: Bu, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir
Azərbaycan prezidentinin köməkçisi Fransa və ABŞ səfirlərinin Şuşaya dəvəti qəbul etməməsini Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik saydığını deyib
SəhərAzəri-nin məlumatına əsasən, Hikmət Hacıyev deyib: “Fransa və ABŞ-ın Azərbaycandakı səfirləri bu gün Şuşada deyillər. Onlar Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər”.
Azərbaycan prezidentinin köməkçisi Şuşada keçirilən beynəlxalq konfransdakı söhbətində bunun ölkənin ərazi bütövlüyünə hörmətsizlik kimi qəbul edildiyini bildirib: “Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik. Çünki bu ölkələrə görə münaqişə hələ bitməyib”.
O qeyd edib ki, Fransa və ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişəyə töhfə verməyib: "Onlar 30 il bizim, Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər".
Yeri gəlmişkən bildirək ki, 2021-ci il iyulun 12-də ABŞ, Rusiya və Fransa səfirləri Azərbaycan hökumətinin diplomatik korpusla birgə ikinci Qarabağ müharibəsi zamanı azad edilmiş Şuşa şəhərinə dəvətinə məhəl qoymayıblar. ATƏT-in Minsk Qrupu həmsədr dövlətlərinin mövqeyi Azərbaycanda ictimai etiraza səbəb olub.
Bu arada bu gün Şuşa konfransında Azərbaycan prezidentinin köməkçisi ABŞ və Fransanın Minsk Qrupunu dirçəltmək cəhdlərinə, ABŞ Dövlət Departamenti tərəfindən Filip Rikerin həmsədr təyin edilməsinə də münasibət bildirib.
“Kimlər tərəfindənsə ATƏT-in Minsk Qrupunun reanimasiyası ilə əlaqədar edilən cəhdlər riyakarlıq və utancverici bir addımdır. Çünki BMT Nizamnaməsi və Təhlükəsizlik Şurasının qərarları əsasında həmin dövlətlərə beynəlxalq ictimaiyyətinin mandatı verilmişdi ki, bu ədalətsizliyi aradan qaldırsınlar, işğal və təcavüzə son qoysunlar. Bir qarış Azərbaycan torpağı işğaldan azad olunmadı, bir Azərbaycan vətəndaşı öz torpağına qayıtmadı. 30 illik uğursuz fəaliyyətdən sonra kimisə Minsk Qrupunun həmsədri təyin etmək yalnız utancverici bir addımdır. Burada hər hansı fəxarət duyacaq addım yoxdur ki, bundan danışılsın. Bizim üçün artıq belə bir təsisat yoxdur. Minsk Qrupu özü özünü sui-qəsdə düçar etmiş təsisatdır, Minsk qrupu artıq tarixin bir hissəsidir”, - deyə Hikmət Hacıyev vurğulayıb.