Demokratik Təşəbbüslər İnstitutu yeni hesabatını açıqladı
Azərbaycanda siyasi motivli inzibati həbslər praktikası geniş yayılıb
Demokratik Təşəbbüslər İnstitutu “Azərbaycanda siyasi motivli inzibati həbslərin monitorinqi” adlı Hesabat hazırlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, hesabat İnizbati Xətalar Məcəlləsinin şərhinə, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq və regional konvensiyalara, yerli və beynəlxalq təşkilatların hesabatlarına əsaslanır. Həmçinin hesabat media monitorinqi metodu, müxtəlif partiyalar və hərəkat üzvləri ilə əlaqə saxlayaraq onlardan birbaşa informasiya alınmaqla həyata keçirilmişdir.
IHesabatda inzibati həbslərin nə qədərinin siyasi motivli olduğu ilə bağlı da dəqiq məlumat əldə etmək mümkün deyil. Bu istiqamətdə hər hansı ümumiləşdirilmiş statistika açıqlanmır.
Monitorinq nəticəsində müəyyən edilib ki, 2020-2021-ci illərdə 88 nəfər siyasi motivlər əsasında inzibati qaydada həbs edilib. Həmin həbslərin 58-i 2020-ci ildə, 30-u isə 2021-ci ildə baş verib.
Aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, fəallar ictimai və siyasi fəaliyyətlərinə görə inzibati həbsə məruz qalırlar. Bu inzibati həbslər əsasən ifadə və sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmaq, insanların öz fikirlərini, xüsusilə də pandemiya zamanı dövlət qurumlarının fəaliyyətinə dair tənqidlərini bölüşməkdən çəkindirmək xarakteri daşıyıb.