Avq 30, 2022 11:06 Asia/Baku
  • Qondarma rejim səfirlərin jestindən məmnun qalıb

Dırnaqarası “DQR” parlamentinin sədri Fransa və ABŞ səfirlərinin işğaldan azad olunmuş ərazilərə səfər etməməsini alqışlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, separatçı məmur deyib ki, heç kim Qarabağ ermənilərini onların üzərinə qoyulan ölkədə yaşamağa məcbur edə bilməz.

O, ATƏT Minsk Qrupunun həmsədr ölkələrinin səfirlərinin işğaldan azad olunmuş ərazilərə səfər etməmələrini alqışlayaraq, bir daha əmin olduğunu bildirib ki, münaqişə hələ bitməyib və yalnız Minsk Qrupunun himayəsi altında siyasi həllini tələb edir.

Xatırladaq ki, Azərbaycan prezidentinin xarici əlaqələr üzrə müşaviri Hikmət Hacıyev bildirib ki, Fransa və ABŞ səfirləri Azərbaycan hökumətinin Şuşaya dəvətinə məhəl qoymamaqla bu dövlətin ərazi bütövlüyünə hörmətsizlik etmişlər.

Azərbaycan mətbuatının yazdığına görə, Şuşada keçirilən konfransda çıxışı zamanı Hacıyev “Biz bunu ərazi bütövlüyümüzə hörmətsizlik kimi qəbul edirik” deyib və vurğulayıb ki, “Fransa və ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi 30 ildir münaqişənin həllinə töhfə verməyib”.

Bu arada qondarma rejimin dırnaqarası XİN başçısı da “ATƏT-in Minsk Qrupunun hələ də alternativi yoxdur” deyə Azərbaycana acıq verib.

David Babayan deyib: Biz bu imtinanı alqışlayırıq və bunu mühüm siyasi və humanitar addım hesab edirik.

Separatçı ünsür sonra bildirib: “Azərbaycanın Minsk Qrupunu çökdürmək üçün atdığı addımların səbəbləri başqa yerdədir. Bakının ATƏT-in Minsk Qrupu institutunun və xüsusən də həmin qrupun həmsədrliyinin dağılmasında maraqlı olmasının əsas səbəbi ondan ibarətdir ki, bununla Azərbaycan Artsaxın de-fakto və de-yure beynəlxalq diplomatik statusunu məhv etməyə çalışır. O da istisna edilmir ki, Bakının maksimalist siyasəti onun sərt mövqeyinin yumşaldılmasının bir növ kompensasiyası kimi Türkiyəni Minsk Qrupunun həmsədr ölkələri sırasına daxil etməyi hədəfləyir”, - deyə David Babayan vurğulayıb.

 

Teqlər