BMT Təhlükəsizlik Şurası Bakı və İrəvanı atəşkəsə çağırdı
BMT Təhlükəsizlik Şurası Bakı və İrəvanı atəşi mümkün qədər tez dayandırmağa çağırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya jurnalistlərə bildirib ki, BMT Təhlükəsizlik Şurasının üzvləri Bakı ilə İrəvan arasında tezliklə atəşkəs rejiminin yaradılmasına dəstək veriblər.
“Hamı atəşkəsin tezliklə bərqərarı və vəziyyətin siyasi və diplomatik yolla həllinin lehinə danışdı”, - deyə o bildirib.
Vasili Nebenzya həmçinin qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qapalı iclası zamanı Rusiya münaqişənin dayandırılması üçün KTMT çərçivəsində görülən işlər barədə məlumat verib.
Onun sözlərinə görə, Moskva təkid edir ki, bəyanatda Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020 və 2021-ci illərdəki üçtərəfli bəyanatlarına istinad olmalıdır ki, bunlar iki ölkə arasında münasibətlərin normallaşması üçün əsasdır.
Qeyd edək ki, Fransa Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırmışdı.