Los Anceles Şəhər Şurasının üzvü Azərbaycanın "hücumları"nı pisləyib
Nisya Raman: “Mən erməni icmasının yanındayam”
ABŞ-dan Ermənistana növbəti dəstək: Los Anceles Şəhər Şurasının üzvü Nisya Raman Azərbaycanın Ermənistanda guya dinc əhaliyə qarşı hərbi hücumlarına münasibət bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, şura üzvü Raman Los-Anceles şəhərində və San Fernando Vadisində ən böyük erməni əhalisinin yaşadığı Dördüncü Şura Rayonunu təmsil edir.
Şura üzvü Ramanın açıqlamasında deyilir: “Mən Los-Ancelesdəki erməni icmasının və bütün dünyadakı ermənilərin yanındayam, Azərbaycanın mülki şəxslərə qarşı əsassız hərbi hücumlarını qətiyyətlə pisləyirəm. Dördüncü Dairədə geniş erməni icmasını təmsil etmək imtiyazına sahibəm, onların çoxu məni öz nümayəndələri kimi qarşıladılar və mən onların kədərini və qəzəbini dərindən bölüşürəm. Bu mənasız zorakılığa son qoyulmalıdır və mən yüksək səslə Konqresi Azərbaycana bütün hərbi yardımı dayandırmağa çağırıram”.
Xatırladaq ki, konqresmen Adam Şiff ABŞ Konqresinə Azərbaycanı Ermənistan və Üarabağa hücumları dərhal dayandırmağa çağıran, Ermənistanın suverenliyinin vacibliyini vurğulayan və ABŞ-ın Azərbaycana yardımına tam qadağa qoyulmasını tələb edən qətnamə təqdim etməyə hazırlaşır.
Konqresmen bu haqda deyib ki, ABŞ erməni xalqını dəstəkləməkdə və Azərbaycan zorakılığına qarşı qətiyyətli olmalıdır.
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez isə Azərbaycanın erməni şəhərlərinə “hücumu”nu pisləyib.
Menendez Senatın Xarici Əlaqələr Komitəsinin rəsmi hesabında dərc olunan bəyanatı retvit edib və yazıb: “Erməni şəhərlərini və günahsız mülki əhalinin atəşə tutulması qeyri-qanuni və qəbuledilməzdir. Dünya avtoritar vəhşiliyə qarşı durmalıdır. ABŞ Azərbaycana bütün təhlükəsizlik yardımlarını indi dayandırmalıdır.”