Erməni hərbçilərin meyitləri qarşı tərəfə təhvil verilib
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası son günlər baş verən toqquşmalarda ölən 32 erməni hərbçisinin meyitinin qarşı tərəfə təhvil verildiyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının bəyanatında deyilir ki, cari ilin 12-14 sentyabrda baş verən hərbi əməliyyatlardan sonra Azərbaycan Respublikası ordusunun nəzarətinə keçmiş ərazilərdə aşkarlanmış 32 Ermənistan hərbi qulluqçusunun meyitinə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun aidiyyəti əməkdaşları ilə birlikdə baxış keçirilib və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olması müəyyən edilməyib.
Məlumatda bildirilir ki, sentyabrın 17-də həmin meyitlər qarşı tərəfə təhvil verilib.
Komitə öz məlumatında xatırladır ki, hazırda Ermənistan hərbçilərinə aid digər meyitlərin müayinəsi aparılır və yaxın zamanlarda onlar da təhvil veriləcək.