Sen 20, 2022 08:50 Asia/Baku
  • Rəsmi Bakı nota göndərdi, Paris cavabını verdi

Fransanın Azərbaycandakı səfiri Zakari Qros Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.

SəhərAzəri-nin məlumatına əsasən, görüşdə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Fransadakı erməni diasporunun radikal ekstremist qüvvələrindən ibarət qrupun Azərbaycan Respublikasının Paris şəhərindəki səfirliyinə hücumunun Fransa qanunlarının və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması ilə müşayiət edildiyini qarşı tərəfin diqqətinə çatdırıb. Hücum zamanı səfirliyin binasına maddi ziyan vurulduğu, diplomatik nümayəndəliyin fəaliyyətinə və əməkdaşların həyatlarına təhlükə yaradıldığı qeyd edilib.

Nazir müavini Xələf Xələfov radikal erməni qruplarının bu hərəkətlərinə şəraitin yaradılması və vaxtında qarşısının alınmamasına görə qəti etiraz bildirib, diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliklərin təhlükəsizliyinin qəbul edən ölkə tərəfindən təmin edilməsi öhdəliyinin Fransa tərəfindən yerinə yetirilməməsinə görə dərin təəssüf ifadə edilib.

Bakının etirazına cavab olaraq Fransa Xarici İşlər Nazirliyindən bildirilib: "Azərbaycanın Parisdəki səfirliyini hədəf alan qəbuledilməz insidentlərdən təəssüflənirik".

Nazirlikdən qeyd olunub ki, Fransa rəhbərliyi səfirliyin təhlükəsizliyini bərpa etmək və onun normal fəaliyyət göstərməsi üçün bütün tədbirləri görüb: "Belə hadisələrin bir daha təkrarlanmaması üçün ayıq-sayıq qalırlar".

Xatırladaq ki, sentyabrın 18-də Fransada erməni vandalları Azərbaycanın bu ölkədəki səfirliyinə basqın ediblər.

Teqlər