Sen 25, 2022 10:00 Asia/Baku
  • Davit Babayan: “Artsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq”

Qondarma Dağlıq Qarabağ Respublikasının “xarici işlər naziri” Davit Babayanın ABŞ-a səfəri davam edir. O, ABŞ Konqresində bir qrup konqresmen, senator və qanunverici orqanın digər nümayəndələri ilə görüşüb.

 SəhərAzəri-nin məlumatına əsasən, Konqresdə təşkil olunan tədbirdə Davit Babayan bunları deyib: “Artsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq. ABŞ Konqresinin Erməni Məsələləri üzrə Komitəsinin Türkiyə və Azərbaycanın təcavüzkar siyasətini pisləməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk.”

Babayan sonra Konqresin Nümayəndələr Palatasının üzvü Cudi Çu ilə görüşüb.  Görüşdə ABŞ-nin Azərbaycana hərbi yardımının dayandırılması istənilib.

2019-ci ildə Qarabağa qanunsuz səfər edən konqresmen isə qeyd etdi ki, Amerikanın Azərbaycana növbəti yardımı dayandırılmalı və təcavüz davam edərsə, sanksiyalar tətbiq edilməlidir.

Qondarma rejimin XİN başçısı görüşlərin davamında kongresmenlər Dina Taytus, Albio Sayres, senator Angus Kin ilə görüşlər keçirib. Görüş zamanı Qarabağın müstəqilliyinin tanınması, onun təhlükəsizliyi, eləcə də separatçılara humanitar yardım göstərilməsi məsələləri müzakirə olunub.

Babayan səfər çərçivsəində Corc Vaşinqton Universitetində olub və orada “Qarabağ problemi. geosiyasi və etnosiyasi diaqnostika” mövzusunda mühazirə ilə çıxış edib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi qondarma rejim təmsilçisinə ABŞ-ın geniş təbliğat imkanı yaratması ilə əlaqədar bu dövlətə rəsmi etiraz bildirməyib.

Teqlər