Sen 30, 2022 15:28 Asia/Baku
  • İran səfiri Report-a müsahibə verib

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Müsəvi Report-sa müsahibəsində bildirib ki, İran şirkətləri işğaldan azad edilmiş ərazilərdə işə başlayacaqlar.

Seyid Abbas Musəvi ötən 30 il ərzində - Azərbaycanın müstəqilliyinin ilk dövrlərindən başlayaraq İran mehriban qonşuluq, qardaşlıq, mədəni və dini ortaqlıq ruhuna ehtiram əsasında, azərbaycanlı bacı və qardaşlarına dəstək olaraq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında İran ərazisindən əlaqə yaratdığını xatırladaraq deyib ki, bu marşrut Azərbaycan vətəndaşlarının gediş–gəlişi üçün həmişə ən təhlükəsiz, ən əlverişli quru marşrut hesab edilib.

Səfir bu ilin martnda, İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantısının yaradılması haqqında Anlaşma Memorandumunun imzalandığını bildirib. “ Sevindirici haldır ki, bu il sentyabrın 21-də yeni körpülərin tikintisinin təməlqoyma mərasimi keçirilib və qərara alınıb ​​ki, bu layihənin birinci mərhələsində Araz çayı üzərində uzunluğu 216 metr, eni 25 metr olan iki zolaqlı beton avtomobil yol körpüsü və hər tərəfdən bir piyada zolağı salınacaq. Körpünün tikintisinin başlanması ilə bağlı texniki məsələləri diqqətdə saxlamaq üçün yaxın vaxtlarda birgə texniki işçi qrupları görüşünün keçirilməsi nəzərdə tutulub”,- deyə səfir bildirib.

Prezident İlham Əliyevin bu ilin sonuna qədər İrana səfərinin gözlənildiyini xatırladan Seyid Abbas Musəvi bildirib ki, bundan əlavə, İranın iqtisadiyyat nazirinin Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının iqtisadiyyat nazirlərinin toplantısında iştirak etməsi nəzərdə tutulub.

Səfir avtomobil istehsalı ilə bağlı Neftçalada birgə layihəyə toxunaraq  Bu layihəyə təkan verilməsi üçün danışıqların getdiyini bildirib.  

İranın Azərbaycan Respublikasındakı səfiri İran şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə fəaliyyəti ilə bağlı isə bunları deyib: “İqtisadiyyat Nazirliyi ilə əlaqəli şəkildə bəzi İran şirkətləri işğaldan azad edilmiş ərazilərdə işə başlamaq üçün hazırlıqlarını yekunlaşdırmaqdadır və tezliklə işə başlayacaqlar. Ancaq gözləntilərimiz bundan artıqdır. İran şirkətlərinin keyfiyyəti və rəqabət qabiliyyəti yüksəkdir.”

Teqlər