Okt 05, 2022 13:40 Asia/Baku
  • Valideynlər övladlarına şəhid statusu verilməsini istəyir

Bu gün Milli Məclis önündə aksiya keçirən valideynlər bildiriblər ki, övladları müxtəlif vaxtlarda döyüş şəraitində həyatlarını itirsələr də onlara illərdir şəhidlik statusu verilmir.

"Oğlum düşmən mövqelərindən 150 metrlik məsafədə gecə postda olub, səhər gəlib meyitini tapıblar. Gülləni kürəyindən vurublar ürəyindən çıxıb, yazıblar ki, ürək çatışmazlıqdan ölüb. Əlimdə bütün sübutlar var, Tərtər məhkəməsi isə işi ört-basdır edib", - deyə analardan biri deyib.

Onların sözlərinə görə, dəfələrlə dövlət qurumlarına, o cümlədən Milli Məclis deputatlarına müraciət etsələr də, nəticə yoxdur. "Seçki zamanı qapı-qapı düşüb vədlər verirlər. Məni bir şəhid anası kimi bir dəfə dinləmisiniz? Mənə arxa durmusunuz? Mən sizdən pul istəmirəm. Kağız vermək istəmirlər. Onda balamı qaytarsınlar. Balam xəstə-xəstə 7 il Tovuz, Gədəbəy çöllərində olub, onların balaları isə xaricdə". 

Aksiya iştirakçılarının qarşısına çıxan Milli Məclisin vitse-spikeri Adil Əliyev isə bildirib ki, şəhid statusu ala bilməyənlərin hər birinin məsələsi ayrı-ayrılıqda müstəqil formada həll olunmalıdır

A.Əliyev müraciət edən valideynlərin ayrı-ayrılıqda qəbul ediləcəyini bildirib.

Teqlər