Blinkenin Əliyev və Paşinyanla telefon danışıqları baş tutub
ABŞ dövlət katibi Qarabağ ermənilərinin hüququndan danışdı
ABŞ dövlət katibi Entoni Blinken bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı aparıb.
SəhərAzəri-nin məlumatına əsasən, Dövlət Departamentinin bəyanatında deyilir: “Dövlət katibi Blinken Azərbaycan və Ermənistanın davamlı sülh sazişinin əldə edilməsi istiqamətində atdığı müsbət addımları, o cümlədən iki ölkənin xarici işlər nazirləri və liderləri arasında son birbaşa danışıqları yüksək qiymətləndirdiyini bildirib.
Blinken “Oktyabrın 4-də Azərbaycanın 17 hərbi əsirinin azad edilməsini alqışlayıb və prezident Əliyevi sülh prosesini dəstəkləmək üçün vaxtında addımlar atmağa davam etməyə çağırıb”, xəbərdə deyilir.
Blinken, həmçinin sərhədlərin dəqiq delimitasiyası, nəqliyyat əlaqələri, itkin düşən şəxslərin axtarışı və müəyyənləşdirilməsi, məhbusların qaytarılması və digər məsələlər də daxil olmaqla, ABŞ-ın dəstəyini bir daha təsdiqləyib.
"O, Dağlıq Qarabağ əhalisinin hüquq və təminatların müzakirəsinin vacibliyini və hər iki tərəfin atəşkəs rejimini saxlamasının və davamlı sülhə aparan yeganə yol kimi danışıqlar yolu ilə əldə edilmiş razılaşmalara diqqət yetirməsinin vacibliyini vurğulayıb", - Dövlət Departamentindən bildiriblər.
Qeyd edək ki, həmin gün Blinken Ermənistanın baş naziri Paşinyanla telefon danışığı aparıb. Ermənistan tərəfinin məlumatına görə, eyni məsələlər müzakirə olunub.
Birləşmiş Ştatlar Cənubi Qafqazdakı nüfuz savaşında Rusiyanı sülh prosesindən uzaqlaşdırmağa çalışır, bu isə Kremli qəzəbləndirir. Rusiya hökuməti əvvəl-axır sülh sazişinin üçtərəfli bəyanat əsasında əldə oluna biləcəyini mümkün sayır.