Azərbaycanlı millət vəkili rəsmi İrəvanın yumuşaldığını bildirir
Zahid Oruc: "Ermənistan Qarabağı Azərbaycan tərkibində tanımağa hazırdır"
Azərbaycan Milli Məclisinin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc parlamentin oktyabrın 11-də keçirilən plenar iclasında çıxışı zamanı deyib ki, Ermənistan Qarabağı Azərbaycanın tərkibində tanımağa hazırdır.
SəhərAzəri-nin məlumatına əsasən, Zahid Oruc deyib: “Ermənistan Qarabağı Azərbaycan tərkibində tanımağa hazırdır, lakin deyir ki, bizi Qərb qoşunları qorusun. Çünki rus əsgəri daha ermənilər üçün ölmək istəmir".
Onun sözlərinə görə, Fransa dövləti Azərbaycanla hələ müəyyənləşməmiş sərhəddə xarici hərbi müşahidəçiləri gətirməyə çalışır və Bakıya hər cür təzyiq edir:
“Bəs avropalı müfəttişlər regiona niyə gəlir? Çünki qəfil başlayan Vətən müharibəsi Qərbin və ayrıca Fransanın uzun illər bölgəni iqtisadi və siyasi təsir altında saxlamasına zərbə vurdu və 10 noyabrda Qarabağa ordu yeridə bilməyən qüvvələr indi başqa örtük altında sərhəddə can atırlar”, - deyə millət vəkili vurğulayıb.
Zahid Oruc qeyd edib ki, yaxın günlərdə Fransa və digər dövlətlərin parlementlərində Azərbaycan əleyhinə qəbul ediləcək qətnamə və qərarların səbəbi bu ölkənin Qərb hərbi kontingentinin regiona gəlişinə sərt müqaviməti ilə bağlıdır.
O xəbərdarlıq edib ki, NATO qoşunları Ermənistan sərhədlərinə gəlmək istəyirlər. Sonra Qarabağa yol tapmağa çalışacaqlar. Plan budur. Sabah Azərbaycan ordusunu İrəvana hücumda günahlandırıb, ardınca BMT-də bu dövlətin əleyhinə qərar verərək erməni hərbi səngərində özlərinə yer tutacaqlar.