Okt 20, 2022 15:14 Asia/Baku
  • Ermənistanın Araz çayını çirkləndirməsindən narahatlıq ifadə olunub

Azərbaycan və İran rəsmilərinin görüşü zamanı Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsindən narahatlıq ifadə olunub, çayın ətraf mühitinin mühafizəsi üçün birgə səylərin zəruriliyi diqqətə çatdırılıb.

SəhərAzəri-nin məlumatına əsasən, məsələ oktyabrın 20-də Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının vitse-prezidenti, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Əli S'laciqi ilə görüşdə müzakirə edilib.

Görüşdə cari ildə diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edən Azərbaycanla İran arasında ali siyasi dialoqun mövcud olduğu məmnunluqla vurğulanıb.

Oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı çərçivəsində Azərbaycan və İran prezidentləri arasında keçirilmiş görüş bunun təzahürü kimi qiymətləndirilib.

İki ölkə arasında siyasi, ticari-iqtisadi, nəqliyyat-tranzit, energetika, mədəniyyət, ətraf mühit və digər sahələrdə dostluq və qonşuluq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub.

Eyni zamanda bölgədə nəqliyyat kommunikasiyalarının açılmasının əməkdaşlıq üçün geniş imkanlar yaratdığı bildirilib.

Bildirilib ki, Xəzər dənizinin ətraf mühitinə mənfi təsirin minimuma endirilməsi istiqamətində ardıcıl tədbirlər görülməlidir.

Görüşdə həmçinin ekoloji problemlərin həlli üçün Xəzəryanı ölkələrin səylərinin birləşdirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Teqlər