Okt 23, 2022 09:01 Asia/Baku
  • “Zəngəzur Dəhlizi” kimin maraqlarına xidmət edir? - TƏHLİL

Türkiyə Zəngəzur Dəhlizi layihəsini təkrarlamaqla Cənubi Qafqaz regionunda gərginlik yaradır.

SəhərAzəri-nin məlumatına əsasən, oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılışı ilə əlaqədar Cəbrayıl şəhərində təkbətək görüş başa çatandan sonra Türkiyə Respublikasının prezidenti Rəcəb Təyyib Ərdoğan Ermənistanın Sünik vilayətində “Zəngəzur Dəhlizi”nin yaradılması işində Azərbaycan Respublikasına dəstək nümayiş etdirib. O, ölkələrin ərazi bütövlüyü və suveren hüquqlarının qorunması prinsipinə zidd olaraq, İran İslam Respublikasının narahatlığını da qulaq ardına vurub və deyib: “Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır. Yəni, artıq bütün Qarabağla bağlı atılan bu addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur. Azərbaycan əmin addımlarla yoluna davam edir.”

Maraqlıdır ki, Ermənistan rəhbərliyi regionda yalnız bir dəhlizin olduğunu qeyd edir və bildirir ki, o da Laçın Dəhlizidir. Baş nazir Paşinyanın bildirdiyinə görə, 2020-ci il 10 noyabr bəyanatında sırf kommunikasiyaların açılması nəzərdə tutulub və İrəvanın Azərbaycana dəhliz verməsi barədə heç bir öhdəliyi yoxdur. Azərbaycan isə tamamilə fərqli ritorikadan çıxış edərək öz istəyində israrlıdır. Ona görə də hazırda Türkiyə dövlət başçısının açıqlaması Azərbaycanla Ermənistan arasında yeni müharibənin baş verə biləcəyi haqda narahatlığa səbəb olmuşdur.

Bəlkə də Ərdoğan tərəfindən Naxçıvanla Azərbaycan Respublikasını birləşdirən Zəngəzur dəhlizinin yaradılması Türkiyənin bu dəhliz vasitəsilə Xəzər dənizinə qovuşmaq motivasiyası ilə bağlıdır. Ancaq Türkiyənin Zəngəzur planı regionun geosiyasi sərhədlərinin dəyişməsi ilə yanaşı, İran İslam Respublikası ilə Ermənistan arasında sərhədin qırılmasına səbəb olacaq ki, bu da iki ölkə rəsmilərinin ciddi etirazına səbəb olmuşdur.

Rəsmi Bakının Ankaranın dəstəklədiyi Zəngəzur Dəhlizinin yaradılmasında israrlı olması İran İslam Respublikası tərəfindən dəfələrlə tənqid edilib. Bununla bağlı İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi bu günlərdə Astanada keçirilən sammit çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyev ilə görüşdə İran və Ermənistanın tarixi sərhədlərində, regionun geosiyasətində və tranzit marşrutunda istənilən dəyişikliyi rədd edib və bildirib ki, İran bu məsələdə qətiyyətlidir.

Teqlər