“Müzəffər” prezidentin arzuları puç olur
Qarabağ münaqişəsinin həlli düyünə düşüb - TƏHLİL
İlham Əliyevin Qarabağ siyasəti fiaskoya uğrayır. İqtidarın tezisləri hələlik reallaşmayacaq.
SəhərAzəri-nin məlumatına əsasən, Ermənistan Təhlükəsizlik Şurasının katibi bəyan edib ki, bu ölkə Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı mandatının uzadılması istiqamətində səylərini davam etdirəcək.
Bununla əlaqədar müşahidəçilər hesab edirlər ki, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda olması, eləcə də müxtəlif siyasi-diplomatik alətlər Moskvaya istənilən anda öz iradəsini Azərbaycan hakimiyyətinə, eləcə də Ermənistana diqtə etməyə imkan verir və məhz bu çərçivədə İlham Əliyevin xoşuna gəlməsə də, Rusiya hökuməti Qarabağ ermənilərinin maraqlarının tanınmasının zəruriliyi ilə bağlı mövqeyini gizlətmir. Bununla paralel olaraq Azərbaycan ordusunun gözü qabağında Laçın dəhlizi vasitəsilə Qarabağa silah daşınır və Bakının mümkün etirazından çəkinən yoxdur.
Görünür, Qarabağ məsələsi heç də Azərbaycan iqtidarının fikirləşdiyi kimi bitməyib və Rusiyanın nə vaxtsa bu bölgəyə nəzarətinə son qoyacağına zəmanət yoxdur. Vladimir Putin də Soçi görüşündə rus qoşunlarının çıxarılması məsələsinə yalnız sərhədlərinin delimitasiyası və sülh sazişinin imzalanmasından sonra baxıla biləcəyini söyləyib. Bu isə Əliyev hakimiyyətinin Qarabağ münaqişəsi ilə bağlı nailiyyətlərinin üstündən qırmızı xətt çəkmiş olur. Bəlkə elə buna görədir ki, yenidən Rusiyanın çətiri altına girmiş və Kremli özünün ənənəvi müttəfiqi sayan Ermənisan Azərbaycana münasibətdə mövqelərini daha da sərtləşdirib və qonşu ölkəyə dəhliz verilməyəcəyini açıq-aşkar dilə gətirir.
Bütün bunlar şübhəsiz ki, Əliyevin ölkə daxilində nüfuz və mövqeyini sarsıtmaya bilməz. İş o yerə çatıb ki, Azərbaycan Xalq Cəbhəsinin sədri Əli Kərimli prezidentə gözdağı verir. “Deməli, İlham Əliyevin hər fürsətdə təşəkkür etdiyi Rusiya "sülhməramlıları" Qarabağda sülh yox, hansısa təxribat hazırlayırlar. Rusiya prezidentinin Moskvadan Xankəndinə xüsusi missiya ilə ezam etdiyi "canişini" milyarder Ruben Vardanyan isə Qarabağda qondarma hökumətin başçısı təyin olundu. Rusiya Qarabağdakı nəzarətini daha da sərtləşdirdi”, - deyə partiya sədri öz Facebook paylaşımında vurğulayıb.
Siyasətçi sonra bu cümlələrlə Əliyevi tənqid atəşinə tutur: “Bəs deyirdi, Qarabağ problemi bitdi və tarixdə qaldı. Bəs deyirdi, Putin Azərbaycanın müttəfiqidir”.
Beləliklə də aydın olur ki, 44 günlük müharibədən sonra yeni reallıqların yarandığını söyləmək gözdən pərdə asmaqdan başqa bir şey deyil imiş.