Dek 03, 2022 11:33 Asia/Baku
  • Qondarma rejim: Azərbaycanın ərazi bütövlüyünün bizə aidiyyəti yoxdur

Qondarma Dağlıq Qarabağ Respublikasının dırnaqarası Xarici İşlər Nazirliyi bəyanat yayaraq iddia edib ki, Azərbaycanın ərazi bütövlüyü separatçı bölgəyə və onun statusuna dəxli olmayan bir məsələdir.

SəhərAzəri-nin məlumatına əsasən, bəyanatda deyilir: “Son vaxtlar Qarabağın statusu ilə bağlı müxtəlif müzakirələr, şərhlər, rəylər yenidən intensivləşib. Xankəndi Azərbaycan-Qarabağ münaqişəsinin sülh yolu ilə hərtərəfli həllini, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasına yönəlmiş istənilən addımı alqışlayır”

Separatçıların rəsmi mövqeyinin dəyişməz olaraq qaldığını qeyd edən bəyanatda bildirilir ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq. Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması, o cümlədən iki ölkə arasında sərhəd məsələsinin həlli Qarabağın statusuna təsir etməyəcək və edə də bilməz.  

Rusiyalı milyarder Ruben Vardanyanın məlum təlimat əsasında Moskva tərəfindən Xankəndinə göndərilməsindən sonra həddən artıq ruhlanan separatçı rejimin bəyanatında həmçinin qeyd olunur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü beynəlxalq hüququn norma və prinsiplərinə və Sovet qanunvericiliyinə riayət olunmaqla təmin edilib və bunun Qarabağa heç bir aidiyyəti yoxdur.

Bu arada separatçıların dırnaqarası xarici işlər naziri Davit Babayan da status məsələsi ilə əlaqədar İlham Əliyevə meydan oxuyub. “Alma-Ata Bəyannaməsini xatırlayanda çoxları nədənsə orada Azərbaycanın ərazi bütövlüyünün Sovet Azərbaycanının hüdudları daxilində tanındığını düşünür. Lakin belə deyil. 1991-ci il dekabrın 21-də Dağlıq Qarabağ Azərbaycanın tərkibində deyildi. Çünki həmin il sentyabrın 2-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti, Şaumyan rayonu və Getaşen alt rayonunun birləşdirilməsi yolu ilə Dağlıq Qarabağ Respublikası elan edildi”, - deyə Babayan iddia edib.

 

Teqlər