Rusiyalı sülhməramlıların Qarabağdakı ərazi adları üçün erməni toponimlərindən istifadə etməsi Bakını təşvişə salıb
Azərbaycan Müdafiə Nazirliyi yenə də etiraz etdi
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının komandanlığına edilən müraciətlərə etinasız yanaşılmasından şikayətlənib.
SəhərAzəri-nin məlumatına əsasən, Müdafiə Nazirliyinin açıqlamasında deyilir: “Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adlarının uydurma erməni toponimləri ilə qeyd olunmaması ilə bağlı tərəfimizdən dəfələrlə edilən müraciətlərə etinasız yanaşılması ümumiyyətlə anlaşılan deyil”.
Müdafiə Nazirliyi bir daha israrla bildirib ki, yaşayış məntəqələrinin adlarının düzgün qeyd olunmaması, habelə "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsi yolverilməzdir. Zira "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazi Qarabağ iqtisadi rayonu, “Mardakert” və "Martuni" kimi adlandırılan məntəqələrin isə rəsmi adları müvafiq olaraq Ağdərə və Xocavənddir.