MBH liderinin vəkili açıqlama verdi
Tale Bağırov saxlanıldığı koloniyanın dəyişdirilməsini tələb edir
Müsəlman Birliyi Hərəkatının lideri Tale Bağırov başqa koloniyaya köçürülməsini tələb edir.
SəhərAzəri-nin məlumatına əsasən, siyasi məhbusun vəkili Fəxrəddin Mehdiyev bu barədə məlumat verib.
“Tale Bağırov bildirdi ki, 2014-cü ildə bu koloniyada cəza çəkəndə də rəis müavini ona problemlər yaradıb, onu vətən xaini adlandırıb”, - deyə vəkil bildirib.
Mehdiyevin sözlərinə görə, Tale Bağırov tələbi yerinə yetirilənə qədər həkimlərin köməyindən, telefon zənglərindən və vəkillərin ona müraciətindən imtina edir.
Eyni zamanda 10 gündür aclıq aksiyasını davam etdirən Bağırovun vəziyyəti pisləşir.
Müdafiə tərəfi hesab edir ki, Ombudsman və Beynəlxaql Qızıl Xaç Komitəsi bu məsələnin həllinə köməklik göstərə bilər və artıq bu strukturlara müraciətlər göndərilib
Rəsmi dövlət qeydiyyatı olmayan Müsəlman Birliyi Hərəkatı 2015-ci il yanvarın 13-də təsis edilib. Hərəkat təsis edildikdən sonra qurumun onlarla fəalı həbs edilib. Hazırda hərəkatın lideri Tale Bağırov daxil olmaqla, 10 nəfər funksioneri və fəalı həbsdədir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə Tale Bağırov 19 il həbsə məhkum edilib. Məhkəmə hökmünə görə, o, həbsinin ilk 7 ilini Qobustan Qapalı Həbsxanasında çəkib.
Taleh Bağırov və bir sıra digər inanclı insanlar 2015-ci il noyabrın 26-da polis qüvvələrinin Nardaran qəsəbəsinə hücumu zamanı həbs olunublar.
Onlar şərlənərək, Cinayət Məcəlləsinin terrorizm, qanunsuz silah saxlamaq, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd, polisə müqavimət göstərmək və başqa maddələri ilə günahkar bilinərək 12 ildən 19 ilədək həbsə məhkum ediliblər.
Bir sıra hüquq-müdafiə təşkilatları isə həmin fəalları siyasi məhbus hesab edirlər.