İstefaya göndərilmiş Naxçıvan xanı təhqir olunur
Vasif Talıbovun xidməti maşını və şəxsi mühafizəsi əlindən alındı
Tayfa rejimi istefaya məcbur etdiyi Vasif Talıbovun xidməti maşınını və şəxsi mühafizəsini əlindən alıb.
SəhərAzəri-nin məlumatına əsasən, ötən gün Bakıdan qayıdan Ali Məclisin sabiq sədri V.Talıbov hava limanından hər zamankı formada deyil, VIP qapıdan keçib. Onu hava limanında heç kim qarşılamayıb. Kiçik oğlu şəxsi avtomobili ilə atasını hava limanından götürüb.
Həmçinin V.Talıbovun evinin ətrafında olan mühafizə də ləğv edilib.
Bu arada keçmiş xanın daha artıq təhqir edilməsi çərçivəsində Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev Bakıvaxtı.az portalına bildirib ki, Vasif Talıbovun istefasını səhhəti ilə əlaqələndirməsi yalandır:
“Vasif Talıbov cinayətkardır. İstefa məsələsi-filan yoxdur, onu vəzifədən getməyə məcbur ediblər. Bu gün-sabah onu həbs edəcəklər. Dövlətə xəyanət edən heç kimin Azərbaycan ərazisində yaşamağa mənəvi haqqı yoxdur. Onların yeri həbsxanalardır".
MMP sədri qeyd edib ki, nəinki Vasif Talıbov, ümumilikdə belələrini həbs etmək lazımdır.
"Hamılıqla cənab prezidentin arxasında durmaq, dəstəkləmək lazımdır ki, ölkəni cinayətkarlardan təmizləsin”, - deyə Hafiz Hacıyev vurğulayıb.
Son zamanlar muxtar respublika ətrafında baş verən proseslər, yüksək rütbəli məmurların həbslər Vasif Talıbovun başqa səbəblərdən istefaya getdiyi düşünməyə əsas verir.