Naxçıvanın başına daha bir xan gətirildi
Fuad Nəcəfli “xanədanı“ - İşçilərlə qul kimi davranır
İlham Əliyevin Naxçıvan Muxtar Respublikası üçün öz nümayəndəsi təyin etdiyi Fuad Nəcəfli Sumqayıt Texnologiyalar Parkına (STP) rəhbərlik edəndə “xan” ləqəbi alıbmış.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Yenixeber.org saytı məlumat yayıb.
saytı yazır ki, son illər STP-nin iqtisadi artımından, uğurundan mediada geniş yazılsa da, əslində orada vəziyyət heç də ürək açan deyildir. Fuad Nəcəflinin müəssisənin ağası olduğu bildirilir.
Məlumatda deyilir ki, STP-də yeni məhsul istehsalı, inkişafla bağlı olan sözlər hamısı nağıldır. Həqiqətdə bu müəssisə dağılır. STP-ni burada xanlıq edən Fuad Nəcəfli dağıdır. Buradakı vəziyyətə adamın ürəyi ağrıyır. Fuad Nəcəfli STP-yə gələn kimi özbaşınalığa, dərəbəyliyə şərait yaratdı. Buna görə də işçilər arasında Fuad Nəcəfliyə hamı "xan" ləqəbi qoyub"-deyə məlumatda qeyd edilir.
Daha sonra məlumatda şirkətin talandığı, maxinasiya hallarının olduğu bildirilir.
"Yuxarı instansiyalarda olan vəzifəli şəxslərin burada baş verənlərdən xəbəri yoxdur. Hamı elə bilir ki, STP inkişaf edir. Amma bunlar şirkəti talayırlar. İşçilərin çoxunu çıxarıblar. Müşahidə Şurasında olan Fuad Nəcəfli burada hər bir sahəyə öz adamlarını təyin edib şirkəti talamaqla məşğuldur.
Məlumatda STP-nin metaləritmə zavodunda işçilərlə qul kimi davranıldığı, aylarla maaşların verilmədiyi deyilir.
Xatırladaq ki, dekabrın 22-də ailə rejiminin başçısı Naxçıvan Muxtar Respublikasında özünün səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Fuad Nəcəflini qəbul edib və ona müvafiq tapşırıqlarını verib.