Talıbovların sərvətləri müsadirə olunacaqmı?
Naxçıvan xanı devrildi, indi də onun topladığı sərvətə göz dikiblər…
Gözlənildiyi kimi, Vasif Talıbovun Naxçıvan Muxtar Respublikasındakı 27 illik hakimiyyəti başa çatdı, hazırda isə onun istefaya göndərilməsindən sonra sərvətini əlindən alırlar.
SəhərAzəri-nin məlumatına əsasən, şübhəsiz ki, Naxçıvan “xan”ının 27 illdən sonra taxtdan salınması Muxtar Respublikaya nəzarət üstündə klanlararası mübarizənin dönüş nöqtəsi idi və Paşayevlər bu qələbədən məmnun qalıblar.
Tayfa rejiminin mediaları yazırlar ki, Talıbovların ailə hakimiyyəti başa çatsa da, DTX-nin hələ Muxtar Respublikada döyəcəyi çox qapı, ortaya çıxaracağı sayısız-hesabsız korrupsiya və cinayət əməlləri var. Artıq Talıbovun həbs ediləcəyi ilə bağlı söz-söhbətlər dolaşmağa başlayıb. Bəzi iddalarda isə Talıbovun qanunsuz yolla sahib oldğu var-dövlətin bir qismini dövlətə, daha doğrusu rəqib tərəfə qaytardığı və bu yolla özünü bir növ sığortaladığı bildirilir.
Talıbovun devrilməsini sevinclə qarşılayan hakim rejimin iddiasına əsasən, əslində təkcə 3 qurumda ortaya çıxan 488 milyon manatlıq yeyinti faktı Muxtar Respublikada 30 ilə yaxındır tüğyan edən korrupsiyanın kiçik bir hissəsidir.
Paşayevlərin əlbəttə iştahası daha böyükdür, onlar uzun illərdir Naxçıvanı idarə edən Talıbovların nəinki ölkə daxilində, hətta xaricdə də milyonlarla dollarlıq bahalı mülklərini əlindən almaq fikrinə düşüblər. Bu barədə mətbuatda gedən xəbərlərə görə, Talıbov və onun övladları dövlətdən oğurladıqları vəsaitlər hesabına xarici ölkələrdə, əsasən də Dubay və Batumi şəhərlərində 100 milyonlarla dəyəri olan mülklərə sahibləniblər. Məlumatda qeyd olunur ki, Talıbovlar Naxçıvanda yaratdıqları monopoliya ilə 30 milyard dollardan artıq qazanc əldə ediblər.
Bu barədə tayfa rejiminə yaxınlaşmaqla özünə pay axtaran Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “AzPolitika.info”-ya şərhində bildirib ki, Talıbovların oğurladıqları, taladıqları dövlət vəsaitlərini geri qaytaracaqları ehtimalı azdır.